Türk Mədəniyyəti və İrsi Fondu Parisdə qırğız və qazax aşıqlarını təltif edib

2025-ci il mayın 17-də YUNESKO-nun Parisdəki Baş qərargahında tarixdə ilk dəfə olaraq beynəlxalq Aytış/Aytıs - qazax və qırğız aşıqlarının iştirakı ilə keçirilən ənənəvi improvizasiya poeziya dueli baş tutub. Bu tədbir Aytış/Aytısın YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkil olunub. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəliyi də tədbirdə iştirak edib.

"Ədəbiyyat və incəsənət" portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mədəni mərasim Qazaxıstan və Qırğız Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib və hər iki xalq arasında dərin köklərə söykənən qardaşlıq münasibətlərinin və ortaq mədəni irsin bayramı kimi qeyd olunub.

Fransa və Avropanın müxtəlif ölkələrində yaşayan qazax və qırğız icmaları üçün tədbir, söz ustadlarının canlı improvizasiyasını izləmək fürsətinə çevrilib.

Hazırda ölkələrinin parlament üzvləri olan tanınmış aşıqlar - Amanjol Altay (Qazaxıstan) və Mirlan Samıykojo (Qırğızıstan)  Aytışın aparıcısı qismində tədbirin ruhuna uyğun şəkildə poeziya duellərinə rəhbərlik ediblər. Münsiflər heyətini Qazaxıstan Məclisinin deputatları Nurtay Sabilyanov və Janarbek Aşimjan, Qırğız Respublikasının Joqorku Keneşinin deputatı Şayırbek Taşiyev, "Manas" Teatrının direktoru Nurbek Talantbekov və digər tanınmış şəxslər təşkil ediblər.

Dörd rəqabətli və gərgin poeziya dueli keçirilib. Duel cütlükləri püşkatma yolu ilə müəyyən edilib, qaliblər isə münsiflər heyətinin açıq səsverməsi əsasında müəyyən olunub. "Qoş bəyge" (bölüşdürülmüş mükafat) prinsipinə əsasən, Qran-pri Aybek Kaliyev və Azamat Bolgonbayevə təqdim olunub. I yer diplomlarına Didar Kamiev və Akmatbek Sultan oğlu, II yerə Meyirbek Sultanxan və Amantay Kutmanaliyev, III yerə isə Abay Jolmagambetov və Maksat Kuluyev layiq görülüblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın adından ortaq türk irsini çıxışlarında ustalıqla əks etdirdiklərinə görə Borıbay Orazımbet və Akmatbek Sultan oğluna Fəxri sertifikatlar təqdim edilib.

"Ədəbiyyat və incəsənət"

(19.05.2025)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31