Mingəçevirin “Bəylər komandası” Bakı Tekstil Fabrikində ekskursiyada oldu
14:10 SosialBu gün Mingəçevir şəhəri 20 nömrəli məktəbin "Bəylər komandası" adlı şagird qrupu Bakı Tekstil Fabrikinə ekskursiya etdi.
Olaylar.az-ın məlumatına görə, ekskursiya çərçivəsində fabrikin İnsan Resursları üzrə rəhbəri məktəbliləri istehsalatın bütün mərhələləri ilə tanış edərək, tekstil sahəsində həyata keçirilən proseslər barədə ətraflı məlumat verdi.
İlk olaraq, şagirdlərə corabların hazırlanması və paketlənməsi prosesləri izah edildi. Uşaqlar üçün bu mərhələdə maraqlı olan texnoloji detallara xüsusi diqqət yetirildi. Daha sonra işçi geyimləri və kişi iç geyimlərinin hazırlanması prosesi - parçaların kəsilməsi, tikilməsi, düymə və petlələrin açılması, eləcə də paketlənmə mərhələləri göstərildi.
Ekskursiya zamanı şagirdlərin marağını artırmaq məqsədilə bəzi istehsal prosesləri onlara əyani şəkildə göstərildi və özlərinin də bu proseslərdə iştirak etməsinə şərait yaradıldı. Bu, məktəblilər arasında böyük maraq və sevinc hissi ilə qarşılandı.
Ekskursiyanın sonunda Bakı Tekstil Fabrikinin komandası tərəfindən şagirdlərə kiçik hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.
Ekskursiyanın təşkilinə görə Mingəçevir şəhəri 20 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Bəylərqızına və kollektivinə, eləcə də şagirdlərin istehsalatla tanışlığı üçün şərait yaratdığına görə Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayevaya dərin təşəkkürümüzü bildiririk.
Bu kimi maarifləndirici ekskursiyalar şagirdlərin dünya görüşünün genişlənməsi, peşə sahələri barədə ilkin biliklərin formalaşması və gələcək karyera seçimlərinə müsbət təsir baxımından olduqca önəmlidir. Bakı Tekstil Fabriki olaraq bu cür təşəbbüsləri dəstəkləyir və davamlı şəkildə həyata keçirilməsini təşviq edirik.