“Türkiyə ilə olduğumuz qədər Pakistanla iç-içə deyilik”— ÖZƏL

Pakistanın naziri Bilal Azhar Kayani bildirib ki, Azərbaycanla sıx siyasi və hərbi əlaqələr olsa da, ticarət və investisiya sahəsində hələ istifadə olunmamış böyük potensial mövcuddur. O, Bakıya son səfərləri, 2 milyard dollarlıq investisiya niyyəti və regional əməkdaşlığın vacibliyindən danışıb. Nazir həmçinin Kəşmir və Qarabağ məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.

Maraqlıdır, Pakistan-Azərbaycan iqtisadi münasibətlərində gizlənən siyasi səbəblər varmı? Varsa o səbəblər nədir?

Mövzu ilə bağlı politoloq Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib ki, Pakistan hər şeydən əvvəl Azərbaycan üçün vazkeçilməz dost, qardaş ölkədir. Şəxsən mən özüm də uzun illər beynəlxalq platformalarda bu və ya digər şəkildə iştirak edən bir şəxs kimi Pakistanın, pakistanlı nümayəndələrin dəstəyini həmişə görmüşəm və qarşılıqlı şəkildə  bir-birimizə dəstək olmuşuq. Yəni başqa müsəlman ölkələrindən fərqli olaraq, pakistanlılar heç vaxt bizim xahişimizi gözləməyiblər. Biz hansısa məsələdə çıxış edəndə, bir təklif irəli sürəndə, təşəbbüs göstərəndə  bizdən xahiş gözləmədən  dərhal dəstək veriblər. Üstəlik, bizdən də daha fəal şəkildə həmin təşəbbüsə qoşulublar. Ona görə də Pakistan bizim üçün çox önəmlidir.Əlbəttə ki, əldən qaçırılmış iqtisadi işbirliyi imkanlarımız az deyil, özü də çoxdur. Pakistan özünün ticarəti ilə dünyada tanınır. Azərbaycanda Pakistan mallarının daha geniş çeşiddə və daha geniş arealda satışının təşkil edilməsi vacibdir. Üstəlik, Pakistan nüvə dövlətidir. Artıq Pakistanın təyyarə istehsalı var. Ümumiyyətlə, Pakistanın bizim işimizə yarayacaq çox böyük hərbi və iqtisadi potensialı var. Mən düşünürəm ki, Azərbaycan artıq Pakistanla daha yaxın münasibətlər qurmaq üçün çalışmalıdır. Necə ki, qardaş Türkiyə ilə iç-içəyik, Pakistanla da yaxınlıq, dostluq, bir-birimizə dəstək veririk. Amma Türkiyə ilə olduğumuz qədər Pakistanla iç-içə deyilik. Düşünürəm ki, artıq bu məsələni həll etmək lazımdır.
Orada Azərbaycan məktəblərinin açılması bir şəbəkə olaraq, eyni zamanda pakistanlı tələbələrin gəlib Azərbaycanda güzəştli şərtlərlə oxumasının təmin edilməsi, hətta pakistanlı gənclərə qrant verilməsi - gəlib Azərbaycanda təhsil alsınlar - çox vacibdir. Ondan əlavə, Pakistan qeyri-hökumət təşkilatları ilə Azərbaycan qeyri-hökumət təşkilatları, həmçinin media qurumları arasında münasibətləri daha da intensivləşdirmək lazımdır. Mənə elə gəlir ki, bu çox vacibdir. Bütün bunlar isə təbii ki, iqtisadi inteqrasiya imkanlarını da gətirəcək. Bundan həm Pakistan qazanacaq, həm Azərbaycan qazanacaq. Həm də bizim bir vəfa borcumuz var. Yəni Pakistan bizə qardaşdır, dostdur. Biz də onlara qardaşlıq, dostluq göstərməliyik və qarşılıqlı şəkildə bir-birimizin əlindən tutmalıyıq.Necə ki, bax, bu Kəşmir məsələsində Azərbaycanın mövqeyi birmənalı oldu və bu gün, mayın 15-də Pakistanın baş naziri Şahbaz Şərif Azərbaycan prezidentinə zəng edib, dəstəyə görə - həm dövlətin, həm də xalqın dəstəyinə görə - təşəkkürünü bildirdi. Mənə elə gəlir ki, biz aramızda olan böyük potensialı hərəkətə gətirməliyik, xüsusilə də iqtisadi sahədə."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31