Qlobal Cənub QHT Platformasının təsis konfransının ilk günü başa çatıb (FOTO) (
18:05 SiyasətAprelin 28-də Bakıda "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumun ilk günü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib. Tədbirdə dünya əhalisinin təxminən 80 faizini əhatə edən 116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Qlobal Cənub QHT-ləri üçün qrant proqramlarının genişləndirilməsini nəzərdən keçirir.
"Biz Qlobal Cənub QHT-lərinin Azərbaycana olan marağına çox sevinirik. Tədbirdən öncə Agentliklə və ayrı-ayrı Azərbaycan QHT-ləri əməkdaşlıq memorandumlarının imzalanması ilə bağlı təkliflər də almışıq. Biz iki gün ərzində çalışacağıq ki, fəaliyyətin davamlılığı üçün bu anlaşma memorandumlarını imzalayaq. Gələcəkdə Qlobal Cənub QHT-lərinə yardım göstərilməsi üçün qrant proqramlarının genişləndirilməsini Agentlik hal-hazırda nəzərdən keçirməkdədir. Bu proqramlar, xarici təşkilatlara öz fəaliyyətlərini reallaşdırmaq və qlobal problemlərə həll tapmaq üçün imkan yarada bilər. Azərbaycan QHT-ləri ilə birlikdə ideya və təşəbbüsləriniz olarsa, Agentliyin qrant müsabiqələrinə müraciət edə bilərsiniz", - o bildirib.
Onun sözlərinə görə, bu qrantlar yalnız maliyyə dəstəyi deyil, həm də Qlobal Cənub QHT-lərinin bilik və bacarıqlarının artırılmasına və şəffaf fəaliyyət üçün resurslarla təmin edilməsinə, qlobal problemlərin çözülməsində QHT-lərin rolunun daha da artırılmasına şərait yaradacaq.
"Əminəm ki, iki gün davam edəcək konfrans QHTlərin maraqlı təklifləri və uğurlu təşəbbüsləri ilə yadda qalacaq, yaradılacaq Qlobal Cənub QHT Platforması isə BMTdə də daxil olmaqla bir çox mühüm təşkilatlarda bu regionda təmsil olunan milyonlarla insanın səsinə çevriləcək. Çox qürur duyuruq ki, Agentlik bu platformanın yaradılmasında tərəfdaşlardan biridir və bu gün bu zalda əyləşən Qlobal Cənubu təmsil edən vətəndaş cəmiyyətinin üzvlərinin sayəsində tarixi hərəkatın yaradılmasına şahidlik edirik. Siz qədim irsə və qonaqpərvərliyə malik bir ölkədəsiniz və burada özünüzü Vətəninizdə kimi hiss edə bilərsiniz. Qarşıdakı günlər ərzində sizi zəngin mədəni proqram və faydalı müzakirələr gözləyir", - o bildirib.
Daha sonra çıxış edən Azərbaycan Milli QHT Formunun nümayəndəsi Ramil İsgəndərli Bakıda Qlobal Cənub QHT Platformasının təsis edildiyini elan edib.
"Bu gün, biz Qlobal Cənub QHT Platformasını təsis edirik! Bu platforma, bizim səsimizin daha güclü çıxması, əməkdaşlığımızın daha sıx olması, birgə layihələr həyata keçirməyimiz üçün bir körpü olacaqdır! Dünyanın hər yerində minlərlə QHT və fəal ortaq bir vizyonla birlikdə çalışır. Qlobal həmrəylik vasitəsilə biz yoxsulluğu azaltmaq, təhsilə çıxış imkanlarını genişləndirmək, davamlı inkişafı təşviq etmək və planetimizi gələcək nəsillər üçün qorumaq üçün tədbirlər görürük", - o bildirib.
Onun sözlərinə görə, bu platforma sayəsində Qlobal Cənubun səsi dünyanın hər yerində eşidiləcək.
"Bizim təcrübələrimiz, bizim biliklərimiz, bizim perspektivlərimiz dünya siyasətində, iqtisadiyyatında, sosial həyatında öz layiqli yerini tutacaqdır. Bizim gücümüz yalnız sayımızda deyil, həm də ürəklərimizin birliyindədir. Bizim hər birimiz, öz ölkəmizin, öz xalqımızın səsi olaraq buradayıq. Bizim hər birimizin daşıdığı ümidlər, arzular bu platformanın ən böyük gücüdür. Bu gün, biz sadəcə bir təşkilat yaratmırıq, biz yeni bir hərəkat başlatırıq!. Bu, bütün dünyada ədalət axtaran, bərabərliyə can atan və hamı üçün daha yaxşı gələcək qurmağa sadiq olan insanlar tərəfindən idarə olunan qlobal hərəkatdır. Mən sizləri, bu tarixi anın şahidi olan hər birinizi bu hərəkata qoşulmağa çağırıram. Gəlin birlikdə çalışaq, birlikdə mübarizə aparaq, birlikdə zəfər qazanaq. Qlobal Cənubun səsi yüksəlsin! İndi isə, icazənizlə, Qlobal Cənub QHT Platformasının təsis olunduğunu rəsmən elan edirəm", - o bildirib.
Öz növbəsində "Smachs Foundation" təsisçisi Şarlin Ruto Qlobal Cənubun maraqlarını müdafiə etdiyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib.
"Biz Azərbaycana - həmişə Qlobal Cənubun maraqlarını müdafiə edən və Qlobal Şimalla dialoq körpüləri quran ölkəyə - dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın Qoşulmama Hərəkatındakı liderliyi və COP29-da nümayiş etdirdiyi inklüziv yanaşma sayəsində dünyaya həqiqi həmrəylik nümunəsi göstərildi," - deyə o bildirib.
Onun sözlərinə görə, bu cür həmrəyliyin parlaq nümayişi Qlobal Cənubun QHT platformasının yaradılması bəyanatına dəstəyin göstərilməsi oldu.
Ruto həmçinin qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən 17-ci məqsəd - "Dayanıqlı inkişaf üçün icra vasitələrinin gücləndirilməsi və qlobal tərəfdaşlığın yenilənməsi" - həlledici əhəmiyyət daşıyır. O bildirib ki, bu məqsəd bizə xatırladır ki, möhkəm tərəfdaşlıqlar və ümumi məsuliyyət olmadan tərəqqi mümkün deyil.
"Qlobal Cənub üçün iqlim dəyişikliyi daimi fövqəladə vəziyyətdir. Yüksələn dəniz suları ada evlərini suyun altında qoyur. Bərəkətli torpaqlar toza çevrilir. Daşqınlar və quraqlıqlar insanların dolanışıq mənbələrini məhv edir. Biz demək olar ki, yaranmasında iştirak etmədiyimiz bir böhranın ən ağır yükünü daşıyırıq," - deyə o əlavə edib.
Kuala-Lumpurun meri, BMT-nin Yaşayış Məskənləri üzrə Proqramının (UN HABITAT) keçmiş icraçı direktoru Maymuna Mohd Şərif çıxışında bildirib ki, Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər.
"Regionumuzun üzləşdiyi struktur çağırışlar - yoxsulluq, bərabərsizliyin dərinləşməsi, ətraf mühitin deqradasiyası və münaqişələr - əlaqələndirilmiş səyləri, davamlı əməkdaşlığı və bu məsələlərin müzakirəsi üçün platformaları tələb edir," - deyə o bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub QHT-ləri Şəbəkəsi məhz belə bir platformadır.
"Əminəm ki, bu şəbəkə vətəndaş cəmiyyəti səylərinin birləşdirilməsi, təcrübə mübadiləsi və reallıqlarımızı və arzularımızı əks etdirən qlobal siyasətin formalaşdırılması üçün bir məkan olacaq", - deyə Şərif vurğulayıb.
O, həmçinin, Azərbaycanın beynəlxalq arenadakı liderliyinə diqqət çəkib.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərkən çoxtərəfliliyin və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, hazırkı geosiyasi qeyri-sabitlik və dərin fikir ayrılıqları şəraitində xüsusilə vacibdir.
Şərif qeyd edib ki, Azərbaycan COP29 zamanı Qlobal Cənub QHT-ləri Şəbəkəsinin yaradılmasına töhfə verərək inklüzivlik prinsipinə sadiqliyini nümayiş etdirib.
O əlavə edib ki, 137 ölkədən minə yaxın vətəndaş cəmiyyəti təşkilatını bir araya gətirən bu təşəbbüs, Qlobal Cənub ölkələrinin birgə çıxış etməsi və fəaliyyət göstərməsi üçün vahid platformaya olan kəskin ehtiyacı əks etdirir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, BMT, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dəstək olmaq məqsədilə vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək.
"QHT ittifaqlarının gücləndirilməsi təkcə birgə fəaliyyət deyil. Bu, həm də əməkdaşlıq və innovasiyalar üçün şərait yaradan məkanların qorunması deməkdir. BMT-nin Azərbaycandakı nümayəndəliyi olaraq, biz vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə işi davam etdirməyə, Azərbaycanın milli inkişafa dair prioritetlərinə və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına dəstək verməyə böyük ümidlə yanaşırıq", - deyə o qeyd edib.
Andreyeva bildirib ki, bəzi ölkələr, o cümlədən, Azərbaycan, təhsil və səhiyyə kimi sahələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda uğur qazansalar da, qlobal miqyasda bərabərsizlik hələ də qalmaqdadır.
"Bir çox ölkələr hələ də iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluq səviyyəsinin azaldılması və dayanıqlı istehlak sahələrində məqsədlərə çatmaqda ciddi çətinliklərlə üzləşir. Sürətləndirilmiş səylərin zəruriliyi heç vaxt bu qədər aktual olmamışdı. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor maliyyələşməni artırmaq, siyasətlərin icrasını gücləndirmək və vətəndaş məkanını qorumaq üçün birgə çalışmalıdırlar ki, mühüm irəliləyiş əldə edilsin", - deyə Andreyeva vurğulayıb.
BMT-nin iqtisadi və sosial məsələlər departamentinin (UN DESA) QHT bölməsinin rəhbəri Vuk-Cin Çanq (Wook-Jin Chang) bildirib ki, Cənub-Cənub əməkdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) gerçəkləşdirilməsi üçün güclü alətdir.
"Cənub-Cənub Əməkdaşlığı sadəcə nəzəri bir ideya deyil. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin geçəkləşdirilməsi üçün praktiki və güclü bir alətdir. Bilikləri, texnologiyaları və təcrübələri qarşılıqlı şəkildə mübadilə etməklə, inkişaf etməkdə olan ölkələr bir-birinin səylərinə dəstək ola və inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərlər.
Vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan buna nail olmaq mümkün deyil. Ələlxüsus Qlobal Cənub ölkələrindən olan QHT-lər bizim Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ibarət olan ümumi missiyamızın vacib iştirakçıları sayılırlar", - deyə o bildirib.
Onun sözlərinə görə, QHT-lərin ictimaiyyətlə sıx əlaqələri, yerli reallıqlara yaxşı bələd olma və ictimai dəstək səfərbər etmək bacarığı onları əvəzolunmaz tərəfdaşlara çevirir:
"Bununla əlaqədar mən Qlobal Cənub QHT platformasının və bugünkü forumun təşəbbbüskarlığında Azərbaycanın liderliyini yüksək qiymətləndirirəm".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədri, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında bildirib ki, COP29-da Azərbaycan qarşısına Qlobal Cənub və Qlobal Şimal arasında körpü olmaq kimi vacib vəzifə qoyub.
Onun sözlərinə görə, 2024-cü ildə COP29-a ev sahibliyi etməyin Azərbaycan üçün böyük vəzifə olub.
"Biz bütün maraqlı tərəfləri bu prosesin bir hissəsi olmağa dəvət etməyə can atırdıq. QHT-ləri, ictimaiyyət nümayəndələrini, gənclər təşkilatlarını, yerli xalqları, qadın təşkilatları və digər qrupları yanımızda görmək bizim üçün çox vacib idi", - deyə o vurğulayıb.
M.Babayev qeyd edib ki, iqlimlə bağlı problemləri və iqlim dəyişikliyinin fəsadları gündəlik həyata, perspektivlərə, ələlxüsus da həssas ölkələrə güclü təsir göstərir.
"Həssas ölkələr arasında, inkişaf etməkdə olan dünya ilə və inkişaf etmiş ölkələr arasında, Qlobal Cənub və Qlobal Şimal arasında körpü olmaq vacibdir. Məhz buna görə biz, qarşıya bu vəzifəni qoymuşuq. Biz hamımız bu missiyanı uğurla başa vurmağa həvəsli idik", - deyə o bildirib.
Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünün elm və texnologiyalar üzrə baş katibinin müavini Renyin Li qeyd edib ki, Çin Azərbaycanla dostluq və tərəfdaşlığı yüksək qiymətləndirir.
"Azərbaycan və Çin zamanın sınağından keçmiş unikal dostluq və qarşılıqlı dəstək münasibətlərini bölüşür. Bu, bizim inkişaf, rifah və dayanıqlılıqla bağlı ümumi hədəflərimizin gücləndirilməsinə vasitəçilik edir. Bizim strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik və daha ədalətli dünyanın qurulmasına olan ümumi öhdəliyə əsaslanır", - deyə o bildirib.
Onun sözlərinə görə, Çin 2035-ci ilə qədər yenilənmiş milli töhfəni ictimaiyyətə təqdim edəcək. Son illər Çin karbohidrogen karbon tullantılarının azaldılmasında, bərpaolunan enerji mənbələrinin payının artırılmasında, meşə massivlərinin genişləndirilməsində, təbiətin vəziyyətinin yaxşılaşdırılmasında, habelə çirklənmə səviyyəsinin azadılması və enerji-səmərəliliiyiinin artırılmasında əhəmiyyətli irəliləyişə nail olub.
"Çin iqlim dəyişikliyi ilə mübarizəyə və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz Azərbaycanla və beynəlxalq ictimaiyyətlə dostluq münasibətlərimizi yüksək qiymətləndiririk. Birgə səylərimizlə daha təmiz, "yaşıl" və ədalətli bir dünyanın qurulmasına əhəmiyyətli töhfə verə bilərik", - Renin Li bildirib.
UAE WiRE (Bərpaolunan enerjidə qadınlar) rəhbəri Acay Rahaf isə bildirib ki, Qlobal Cənub QHT platformasının yaradılması yeni perspektivlər açır.
"Qlobal Cənub QHT platformasının yaradılması bizə iki əsas imkan təqdim edir. Birincisi, biz platformanın müxtəlif səsləri gücləndirməsini təmin etməliyik, xüsusilə də söhbət qadınlar, icmalar və gənclərdən gedir, çünki qərarlar onların iştirakı olmadan qəbul edilə bilməz. İkincisi, ictimaiyətlərin başçılığı altında iqlim təşəbbüslərinə resursları yönəldən maliyyə mexanizmlərini inkişaf etdirmək üçün kollektiv təcrübəmizdən istifadə etməliyik", - Rahaf bildirib.
Onun sözlərinə görə, iqlim ədalətliliyinə aparan yol Qlobal Cənubdan keçir.
"Bu platforma vasitəsilə səslərimizi və fəaliyyətimizi birləşdirməklə, qlobal iqlim gündəmini elə dəyişə bilərik ki, o, iqlim böhranından ən çox əziyyət çəkən təbəqə üçün həqiqətən faydalı olsun" ,- deyə o bildirib.
İqlim dəyişikliyi sahəsində ədalət uğrunda Panafrika alyansının nümayəndəsi Çarlz Piter Mvanqi Nyamburanın sözlərinə görə, Qlobal Cənub davamlı və inklüziv inkişaf üçün böyük potensiala malikdir.
"Bildiyimiz kimi, Qlobal Cənub uzun müddət iqtisadi istismar, siyasi müdaxilə, ticarət, maliyyə və inkişafda bərabərsizliklər və təbii ki, yerli icmalar üçün iqlim dəyişikliyi təhlükəsi də daxil olmaqla bir sıra sahələrdə sistemli və struktur ədalətsizliklərlə üzləşib.
Belə bir ədalətsizlik çox vaxt resursların ədalətli şəkildə kompensasiya olunmadan hasil edildiyi tarixin nəticəsi olur. Ələlxüsus da Afrika regionu son dərəcə zəruri olan mineralların qeyri-səmərəli şəkildə istismarı ilə bağlı ciddi problemlərlə qarşı-qarşıyadır", - deyə o bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub dayanıqlı və inklüziv inkişaf üçün nəhəng potensiala malikdir, lakin bu potensial qlobal maliyyə və iqtisadi sistemlərdəki struktur bərabərsizlikləri səbəbindən çox vaxt istifadə olunmamış qalır.
"Beləliklə, ədalətli dünya yaratmaq üçün biz Qlobal Cənubdakı bir çox ölkələrin üzləşdiyi bu tarixi reallıqları qəbul etməliyik", - deyə o bildirib.
Tədbirin ilk gününün yekununda 116 ölkədən Qeyri Hökumət Təşkilatlarının razılığı ilə Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə müvəqqəti Baş katibi seçilib. Bu dövr ərzində qurumun daxili strukrutu dəqiqləşəcək və 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası çağırılacaq.
"Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forum sabah davam etdiriləcək.