Azərbaycan və Qırğızıstan Rusiyanın kəşfiyyat fəaliyyətinə qarşı tədbir görür- ÖZƏL 

Qırğızıstanın Oş şəhərində "Rus evi" əməkdaşının saxlanılması və Bakıda bu qurumun fəaliyyətinin dayandırılması regionda Rusiya təsirinin zəiflədiyini göstərir. "Rus evi"nin türk dövlətlərində ard-arda bağlanması Moskvanın yumşaq güc strategiyasına zərbə vurur.
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı Olaylar az-a açıqlmasında qeyd edib ki,  Azərbaycan və Qırğızıstan Rusiyanın mədəniyyət mərkəzlərini kəşfiyyat mərkəzinə çevirməmək üçün tədbir görür:

"Rus evlərinin yerləşdiyi bütün ölkələrdə Rusiyanın dövlət maraqlarına xidmət edən bir mərkəz kimi fəaliyyət göstərməsi heç kimə sirr deyil. Düzdür, onlar bu maraqları sadəcə rus dilinin və rus mədəniyyətinin təbliği vasitəsi kimi təqdim edirlər. Amma əməldə bəlli məsələdir ki, Rusiya dövləti bu və bunun kimi digər mərkəzlərdən öz regional maraqlarını qorumaq və ən azından məlumat mübadiləsini təşkil etmək üçün istifadə edir.
Hətta bu məlumat mübadiləsi bəzi hallarda kəşfiyyat xarakteri daşıya  və başqa xoşagəlməz əməllərin həyata keçirilməsində də istifadə oluna bilər. Çünki Rusiya dövlətinin tarixində bu sahədə kifayət qədər təcrübəsi var. Rusiya dövləti, öz təsiri altına salmaq istədiyi ölkəni hərbi və digər vasitələrdən çox, məsələn, bu gün "Rus evinin" və bu istiqamətdə fəaliyyət göstərən digər təşkilatların təcrübəsi ilə ələ keçirib, zərbə vurmağa çalışır. Bakıdakı rus evi də buna bir nümunə idi.
İndi Qırğızıstanda analoji halın yaşanması onu göstərir ki, artıq ölkələr Rusiyanın bu kimi pozucu fəaliyyətlərinə qarşı səbirli davranmaq istəmirlər və mümkün qədər milli maraqlarına zidd olan kənar təsirlərin fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya bu günümüzün müasir müharibə metodlarından çox, tarixi müharibə metodlarına, yəni birbaşa hərbi təcavüz yoluna əl atmaqla, məsələn, Ukraynanı işğal etmək niyyəti ilə, bir çox postsovet ölkələrində və ümumiyyətlə, dünyanın bir sıra ölkələrində ciddi narahatlıq yaradıb. Bu səbəbdən də dövlətlər artıq Rusiya siyasətinə bu prizmadan baxırlar.
Yəni əgər onlar Qərbin və Amerikanın imperiyal maraqlarına qarşı mübarizə aparmaq üçün öz sənaye institutlarını və iqtisadi bazalarını qorumağa çalışırlarsa, Rusiya ilə bağlı daha çox kəşfiyyat və hərbi təhdidlərə qarşı da diqqətli davranırlar. Rusiya hərbi təcavüzünü həyata keçirdikdən sonra bu təhdidə qarşı mübarizə dövlətlər tərəfindən daha ciddi şəkildə aparılmağa başladı.
Artıq dövlətlər hərbi və kəşfiyyat məsələlərinə daha diqqətli yanaşırlar ki, zaman gələrsə, Rusiyanın bu cür niyyətlərinə qarşı cavab verməyə hazır olsunlar. Rusiya, Krımın işğalı və Ukraynaya son hücumları ilə artıq elə bir imic formalaşdırıb ki, heç kim onun səmimiyyətinə inanmır. Hər kəs öz ölkəsində fəaliyyət göstərən Rusi "mədəniyyət mərkəzləri"nin nəyə xidmət etdiyini anlayır və milli maraqlarını qorumaq üçün tədbirlər görür.
Bu, sistematik bir anti-Rusiya dalğasıdırmı? Əsla belə deyil. Çünki geosiyasi və ümumdünya reallıqları fonunda anti-Rusiya dalğası yaratmaq mümkün deyil və belə bir cəhd həmin ölkələri Rusiyanın hədəfinə çevirə bilər. Belə bir risk mövcuddur. Bu addımlar anti-Rusiya addımları yox, milli maraqları qorumağa yönəlmiş addımlardır.
Azərbaycan Rusiya evini niyə bağladı? Rusiya ilə münasibətlərə qarşı olduğumuz üçünmü? Əsla belə deyil. Rusiya evi bağlandıqdan sonra da Azərbaycan Rusiya ilə iki tərəfli siyasət, iqtisadiyyat və digər sahələrdə əlaqələrini davam etdirir. Hətta müəyyən mənada bu əlaqələr zaman-zaman inkişaf da edə bilər, ya da şəraitə görə zəifləyə də bilər. Amma əsas məsələ budur ki, Azərbaycan Rusiya ilə münasibətləri pozmadı. Azərbaycan tərəfi yenə də qarşılıqlı səmimi münasibətlər tərəfdarıdır.
Bəs Qırğızıstanda  belə bir hal yaşandıqda necə olacaq? Rusiya ilə əlaqələr kəsiləcəkmi? Yenə də xeyr. Qırğızıstan da münasibətlərə qarşılıqlı maraq prizmasından baxmağa davam edəcək. Bu, onu göstərir ki, bu ölkələrin anti-Rusiya niyyətləri yoxdur. Onlar Rusiyanı parçalamaq, onunla düşmən olmaq və ya Rusiya maraqlarına zərbə vurmaq istəmirlər.
Sadəcə olaraq, bu ölkələr Rusiyadan da eyni münasibəti gözləyirlər - yəni Azərbaycanın, Qırğızıstanın və digər ölkələrin daxil işlərinə qarışmamaq, pozucu fəaliyyətlə məşğul olmamaq və mədəniyyət mərkəzlərini bir növ kəşfiyyat şəbəkəsinə çevirməmək. Bütün bunlar isə milli maraqların və hüquqların tələb etdiyi çərçivədə atılan addımlardır. Bu səbəbdən də düşünmürəm ki, Rusiya Azərbaycan və ya Qırğızıstana qarşı sərt addımlar atsın. Moskvada da fərqindədirlər ki, günahkar tərəf onlardır və əslində, bu mərkəzlər vasitəsilə bir növ kəşfiyyat mərkəzi yaratmaq istəyiblər. Sadəcə bunu bacarmayıblar. Bu halda özlərini açıq şəkildə günahlandırmasalar da, məsələni anlayırlar. Buradan çıxış edərək nə Azərbaycanla, nə də Özbəkistanla münasibətləri pozmaq Rusiya üçün məntiqli olmayacaq.
Ona görə də çalışacaqlar ki, bu məsələləri səssiz şəkildə ötüşdürsünlər. Mən bu vəziyyətdə ikitərəfli münasibətlərin pozulması qədər ciddi bir risk görmürəm. Ən azından hazırkı vəziyyətdə bu, Rusiya üçün lazım deyil. Çünki Azərbaycan və Qırğızıstan , dediyimiz kimi, heç bir anti-Rusiya addımı atmayıblar, koalisiya yaratmayıblar. Sadəcə öz maraqlarını qoruyublar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31