Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir- ÖZƏL

Azərbaycan və Gürcüstan uzun illərdir uğurlu əməkdaşlıq modeli yaradıb. Bu təcrübə regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir. Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: " Gürcüstan prezidentinin ölkəmizə səfəri zamanı mətbuata verilən birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, "birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir". Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Eyni zamanda mürəkkəb geosiyasi vəziyyətdə ən cəlbedici marşrut olan Orta Dəhliz Cənubi Qafqazda məhz Azərbaycandan və Gürcüstandan keçir. Amma aprelin əvvəlində Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Gürcüstanın Orta Dəhlizdə iştirakı gözardı edildi. Bu məsələyə Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda münasibət bildirdi və İttifaqın bu yanaşmasını "ədalətsiz" adlandırdı. Heç bir potensialolmayan, regionda destruktiv bənd olan Ermənistanı əhəmiyyətli faktor kimi qabartmaq, Gürcüstanı isə görməzdən gəlmək, sadəcə, riyakarlıqdır və təbii ki, bu qərəzli yanaşmanın kökündə Avropa İttifaqının Gürcüstanı alət kimi istifadə etmə cəhdinin boşa çıxması dayanır. Görünən budur ki, Avropa İttifaqı Cənubi Qafqazda müstəqil siyasət yeridən dövlətlərin yox, forpostların, alətlərin yaranmasında maraqlıdır. Elə regionda dayanıqlı sülhün bərpasına mane olmaq cəhdi də bu məkrli planın tərkib hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31