Azərbaycan-Gürcüstan enerji tandemi unikal model kimi qəbul olunmaqdadır- ÖZƏL
18 Aprel 2025 14:18 Siyasət
"Cənub Qaz Dəhlizi layihəsi isə Azərbaycan-Gürcüstan enerji əməkdaşlığının qlobal miqyasda mühüm komponentidir. Bu layihə sayəsində Azərbaycan qazı Gürcüstan üzərindən Türkiyə, oradan isə Avropaya ötürülür. Bununla da Azərbaycan və Gürcüstan təkcə enerji istehsalçısı və tranzit ölkə kimi deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji oyunçular kimi çıxış edirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Qeyd etmək vacibdir ki, enerji diplomatiyası yalnız texniki və iqtisadi müstəvidə deyil, həm də siyasi və təhlükəsizlik müstəvisində mühüm təsir gücünə malikdir. Bu sahədə əldə olunan uğurlar Azərbaycan diplomatiyasının çevikliyi, uzaqgörənliyi və balanslaşdırılmış xarici siyasət kursunun nəticəsidir.
Eyni zamanda enerji layihələrinin həyata keçirilməsi regionda sülhün və sabitliyin möhkəmlənməsinə, yeni iqtisadi əməkdaşlıq formatlarının yaranmasına və bölgə ölkələrinin bir-birinə inteqrasiyasına xidmət edir. Azərbaycan-Gürcüstan enerji tandemi bu baxımdan unikal model kimi qəbul olunmaqdadır.
Hesab edirəm ki, enerji diplomatiyası vasitəsilə ölkəmizin milli maraqlarının qorunması və beynəlxalq nüfuzunun gücləndirilməsi prioritet vəzifələrdən biridir. Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığı bu baxımdan region üçün strateji əhəmiyyət daşıyan uğurlu və davamlı əməkdaşlıq modelidir".