Ermənistan BMT qətnaməsində Rusiyaya qarşı ittihamları dəstəklədi – ÖZƏL

Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qəbul edilən və Rusiya əleyhinə ittihamlar ehtiva edən qətnamənin lehinə səs verib.

Olaylar.az xəbər verir ki, "Sülhün və təhlükəsizliyin qorunması üçün BMT ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: BMT və Avropa Şurası arasında əməkdaşlıq" adlı sənəd 105 ölkənin dəstəyi ilə qəbul olunub. 9 ölkə, o cümlədən ABŞ sənədin əleyhinə səs verib, 33 ölkə isə bitərəf qalıb. Azərbaycan və İsrail isə səsvermədə iştirak etməyib.

Qətnamənin giriş hissəsində xüsusilə Rusiyanın Ukrayna və Gürcüstana qarşı təcavüzündən bəhs olunur. Sənəddə həmçinin, Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətinə görə xüsusi tribunalın yaradılması təşəbbüsünə də toxunulub.

BMT-də ABŞ-nin daimi nümayəndəsinin müavini Conatan Şrayyer qətnamə ilə bağlı çıxışında bildirib ki, ABŞ Avropa Şurasının insan hüquqlarının müdafiəsi, demokratiyanın təşviqi və hüququn aliliyinə verdiyi töhfəni yüksək qiymətləndirir. Lakin o qeyd edib ki, qətnamədəki bəyanatlar Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermir və bu baxımdan səmərəsizdir. Bununla belə, ABŞ ümid edir ki, Avropa Şurası və BMT-yə üzv bütün dövlətlər Rusiya ilə Ukrayna arasında davamlı və hərtərəfli sülhə nail olmaq səylərini dəstəkləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31