Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək

Aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyətdə olub, COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirilib, bu tədbirlərdə ümumilikdə 2500 nəfərdən çox QHT təmsilçisi iştirak edib ki, onların da 70%-indən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri olub.

Bundan başqa, COP29 zamanı Agentliyin xətti ilə QHT-lər üçün 5 beynəlxalq konfrans təşkil olunub. İqlim diplomatiyasına dair Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransı, Türk Dövlətləri QHT-lərinin forumu, COP28, COP29, COP30 ölkələrinin QHT-lərinin forumu, Xəzər dənizinin ekologiyası mövzusunda forum bu qəbildəndir.

"Agentlik üçün böyük qürurdur ki, COP29 çərçivəsində 2024-cü ilin noyabrında Qoşulmama Hərəkatı regionu QHT-lərinin Cənub-Cənub əməkdaşlığı konfransında iştirak edən xarici QHT-lər müzakirələrin yekununda Qlobal Cənub QHT Platformasının yaradılması barədə razılığa gəliblər.

Həmin beynəlxalq tədbirdə Azərbaycan Milli QHT Forumunun bu təşəbbüsünü dəstəkləyən bəyanata 137 ölkədən 1000-dən çox QHT qoşulub. Prosesin ardı olaraq, bir neçə gündən sonra - aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək", - deyə icraçı direktor qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31