Qarşıda müasir, dayanıqlı və rahat Qubadlının qurulması vəzifəsi dayanır-Özəl

"Güclü və peşəkar ordumuzun şücayəti sayəeində 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad edildi. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələrinin də azad olunması ilə Qubadlı rayonunun ərazisinin böyük hissəsi Azərbaycanın nəzarətinə qaytarıldı. Qubadlının azad edilməsi hərbi baxımdan strateji əhəmiyyət daşımaqla yanaşı, düşmənin müdafiə sisteminin parçalanmasına və Zəfərə aparan yolun sürətlənməsinə ciddi təsir göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Qələbənin mənəvi-siyasi əhəmiyyəti onunla daha da gücləndi ki, Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2020-ci ildə azad edilmiş Qubadlıya səfər edərək burada Azərbaycan bayrağını ucaltdı. Bu, sadəcə dövlət rəmzinin ucaldılması deyildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasının, Qubadlının öz sahiblərinə qaytarılmasının və işğal dövrünün başa çatmasının rəmzinə çevrildi. Daha sonra Prezidentin Qubadlıya ardıcıl səfərləri azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına dövlət səviyyəsində verilən strateji əhəmiyyəti nümayiş etdirdi.

Bu gün Qubadlı üçün əsas məsələ yalnız işğalın nəticələrinin aradan qaldırılması deyil. Qarşıda daha böyük vəzifə, müasir, dayanıqlı və rahat Qubadlının qurulması dayanır. 2025-ci il sentyabrın 9-da Nazirlər Kabinetinin "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş plan Qubadlının gələcək şəhərsalma inkişafının sistemli əsaslarını müəyyənləşdirir və rayonun uzunmüddətli perspektivdə iqtisadi və sosial potensialının reallaşdırılmasına imkan yaradır. Qubadlıda yaşayış məhəllələrinin, sosial obyektlərin, inzibati binaların, məktəb və xəstəxananın inşası artıq yeni inkişaf mərhələsinin konkret nəticələridir. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması xüsusilə əlamətdardır. 21 binadan və 176 mənzildən ibarət kompleks Qubadlıda məskunlaşmanın və şəhər həyatının bərpasının mühüm göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31