Paşinyandan kritik addım – Azərbaycan bunu gözləmirdi

Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycanın əsas tələbləri olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi məsələlərinə müsbət yanaşmağa hazır olduğunu bildirməsi diqqət çəkir. Paşinyan Bakının irəli sürdüyü şərtlərlə razılaşmağa meyilli olduğunu açıq şəkildə ifadə edib.

Bu, bir manevrdir, yoxsa sülh sazişi ətrafında ciddi gəlişmə yaşanır?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, N.Paşinyan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır və bu seçkilərə sülh sazişi ilə getmək istəyir:

"Yaxşı başa düşür ki, indi onun və komandasının reytinqi nə 2018-ci, nə də 2021-ci il səviyyəsindədir. Üstəlik, keçən dövr ərzində vəd edilən sosial-iqtisadi rifah da təmin edilməyib və Ermənistan hələ də dalan dövlət olmaqda , regional layihələrdən kənarda qalmaqda davam edir.
Belə bir vəziyyətdə əlində sülh sazişi ilə seçkiyə getmək və kampaniyasını bunun üzərində qurmaq istəyən Paşinyan üçün həmin sazişin imzalanması olduqca vacibdir. Məhz buna görə biz həm Paşinyandan, həm də Ermənistanın digər rəsmilərindən Azərbaycanın şərtləri olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi kimi məsələlərə hazır olduqlarına dair bəyanatlara şahidlik edirik.

Lakin məsələ burasındadır ki, Ermənistan nə konstitusiya dəyişikliyi, nə də Minsk Qrupunun ləğvi ilə bağlı müraciət məsələsini indi gündəmə gətirmək istəyir. Bu isə təbii olaraq onların sülh prosesində səmimi olmadıqlarını göstərir".

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, Minsk Qrupunu saxlayaraq münaqişənin sona çatmadığı mesajını verməyə çalışan Ermənistan, beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiq göstərməsinə və konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasına çalışır:

"Azərbaycan sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlamağa hazırlaşır. Belə olan halda, yalnız Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıması və Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatları yetərli deyil. Buna görə də prinsip etibarilə Ermənistanda kimin hakimiyyətə gələcəyi bizim üçün əhəmiyyət daşımır. Əsas olan, həmin qüvvənin sülhə hazır olub-olmamasıdır. Daha da vacibi isə Ermənistan cəmiyyətində əksəriyyətin sülhü dəstəkləməsidir. Bu baxımdan, Ermənistanın müvafiq konstitusiya dəyişikliyini həyata keçirərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi onların sülhə nə dərəcədə hazır olduğunu göstərəcək.

Hazırkı durumda isə Paşinyanın dedikləri yalnız quru bəyanatlardan ibarətdir və bu, heç bir halda Ermənistanın sülh istəməsi kimi qiymətləndirilə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31