Gürcüstanın 3+3 masasına dönüşü Rusiya ilə münasibətlərindən asılıdır- ÖZƏL 

"Gürcüstanın 3+3 formatına cəlb edilməsi məsələsi uzun müddətdir gündəmdədir. Hətta iki görüş keçirildi və bu iki görüşdə- Tehran və İstanbul görüşlərində də Gürcüstan iştirak etmədi. Gürcüstanın 3+3 formatında iştirak etməməsinin yeganə səbəbi, mənə görə, Rusiya faktorudur".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Gürcüstanın iştirak etməsi region üçün həyati əhəmiyyət daşıyır:

"Haqlı olaraq rəsmi diplomatik açıqlamalarda qeyd edilirdi ki, Rusiya Gürcüstanda  Abxaziya və Osetiyaya dəstək verdiyi, bir növ separatçılığı dəstəklədiyi üçün bu məsələdə onlarla eyni masada oturmaq istəmirlər.  Gürcüstanın ərazi bütövlüyü tanınacağı və bu dəstəklərin dayandırılacağı təqdirdə Abxaziya və Osetiya, Gürcüstan 3+3 formatında iştirak edə bilər. Mövcud vəziyyətdə biz Gürcüstanın  Rusiya ilə bütün məsələləri həll etməsə də, müəyyən bir normallaşma, istiləşmə prosesinə girdiyini görürük və belə olan təqdirdə, bəli, 3+3 formatında iştirak etmələri mümkündür. Amma yenə də deyirəm, ortada hələ də Abxaziya və Osetiyaya dəstək olduğu üçün problemlər qalmaqdadır.  Gürcüstan  növbəti sammitdə iştirak etməsə, bu, təəccüblü bir hal olmayacaq. Bu, yenə Rusiya faktoruna bağlı olacaq. Gürcüstanın 3+3 formatına qayıtmasını ən çox bəlkə də Azərbaycanla Türkiyə istəyir. Amma Gürcüstanın məsələyə baxışı da başa düşüləndir. Biz necə ki, Ermənistanla eyni masada oturmaq istəmirdik illər boyunca, indi onlar da Rusiya ilə oturmaq istəmirlər. Amma təbii ki, Gürcüstan regionun aparıcı ölkələrindən biridir və ümumiyyətlə, 3+3 formatında həyati əhəmiyyətə malik bir ölkədir. Ona görə də onun prosesdə olması Bakı və Ankara üçün prioritet məsələlərdən biridir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31