“Belə tədbirlər erməni vandalizminin ifşası baxımından böyük önəm daşıyır” — Elçin Xalidbəyli

Aprelin 17-də Şuşada "Postmünaqişə dövründə mədəni irsin qorunması və canlandırılması" mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilib. Forumda mədəni irsin bərpası, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

"Belə tədbirlər Azərbaycanın mədəni irsinin bütün dünyaya tanıdılması baxımından böyük önəm daşıyır. Eyni zamanda, Azərbaycanın mədəniyyət diplomatiyasının gücləndirilməsi və İslam ölkələri ilə bu istiqamətdə əməkdaşlığın, tərəfdaşlığın genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli söyləyib. O bildirib ki, erməni vandalizminin dünyaya çatdırılması və mədəni irsimizi dünyaya tanıtmaq üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır:

"Ermənistanın işğal dövründə - yəni Azərbaycanın ərazilərini işğal etdiyi zaman - törətdiyi mədəni terrorun, mədəni irsə qarşı həyata keçirdiyi dəhşətli vandalizmin beynəlxalq aləmdə təqdim olunması və göstərilməsi baxımından da bu cür tədbirlər olduqca vacibdir. Çünki Ermənistan  Azərbaycanın işğal altındakı şəhərlərində və qəsəbələrində mədəniyyət abidələrini, tarixi irsi məhv etmək üçün məqsədyönlü şəkildə dağıdıcı fəaliyyət göstərib. Buna görə də erməni vandalizminin bütün dünyaya çatdırılması, bu faktların nümayiş olunması üçün belə tədbirlərin təşkili və daha intensiv keçirilməsi olduqca zəruridir. Böyük ehtimalla, rəsmi Bakı bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə çalışacaq və ehtimal etmək olar ki, "Şuşa-2024: İslam Dünyasının Mədəniyyət Paytaxtı" proqramı çərçivəsində bu tədbirlər keçiriləcək".

E. Xalidbəyli sonda qeyd edib ki, bu tədbir erməni vandalizminin növbəti dəfə gündəmə gətirilməsi baxımından mümbit şərait yaradıb və hesab etmək olar ki, bu cür tədbirlərin davamlı təşkili, ermənilərin mədəniyyətə, tarixə və tarixi yaddaşa düşmən münasibətini bütün dünyaya sübut etmək üçün önəmli addımdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31