Bəhruz Quliyev: “Azərbaycan-Gürcüstan münasibətləri regionun sabitliyinə ciddi təsir göstərir” – ÖZƏL

"Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana etdiyi ilk rəsmi xarici səfəri regional siyasətdə mühüm əhəmiyyət kəsb edən hadisədir. Prezident kimi xaricə  ilk rəsmi səfərin məhz Azərbaycana edilməsi iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunun bariz nümunəsidir. İki böyük dövlət xadimi Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən əsası qoyulmuş əlaqələr bu gün uğurla inkişaf edir. Bu əlaqələrin daha da dərinləşməsi həm Gürcüstanın, həm də Azərbaycanın milli maraqlarına cavab verir. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri regionun firavan gələcəyi üçün möhkəm zəmin yaradır və hər iki xalqın rifahına, sabitliyin, sülhün qorunmasına xidmət edir. Bu əməkdaşlıq modeli regionun digər ölkələri üçün nümunə ola bilər". 

Bunu Olaylar.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib. B.Quliyev qeyd edib ki, bu səfər, Gürcüstanın Azərbaycanla olan münasibətlərə verdiyi strateji əhəmiyyəti və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı bir daha təsdiqləyir: 

"Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdə müzakirə olunan məsələlər - enerji, nəqliyyat, ticarət, təhlükəsizlik və regional sabitlik - gələcək perspektivdə iki ölkənin daha sıx əməkdaşlıq edəcəyinin xəbərçisidir. Gürcüstan Prezidentinin ilk səfərinin Azərbaycana olması həm də regionda əməkdaşlığın yeni mərhələyə keçdiyinə işarədir. Bu səfər  Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasında Bakı-Tbilisi əməkdaşlığının mərkəzi rol oynadığını göstərir. Azərbaycan və Gürcüstan təkcə qonşu deyil, eyni zamanda mühüm regional layihələrin iştirakçısı, Avropa və Asiyanı birləşdirən enerji və nəqliyyat dəhlizlərinin strateji tərəfdaşlarıdır. Prezident Kavelaşvilinin bu səfəri məhz bu əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanların yaradılmasına xidmət edir".

Siyasi analitik vurğulayıb ki, Gürcüstan-Azərbaycan münasibətləri Cənubi Qafqazda regional siyasətə və təhlükəsizlik məsələlərinə təsir edən əsas amillərdən biridir.

"Onlar enerji ticarətinə, o cümlədən Bakı ilə Tbilisi arasında əməkdaşlığın prioritet sahəsi olan nəqliyyat və tranzit sektoruna ciddi təsir göstərir və regionun ümumi vəziyyətində öz əksini tapır. Bu baxımdan ilk növbədə Bakı-Supsa (BS) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərlərini, Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəmərini və Bakı-Tbilisi- Qars dəmir yolunu qeyd etmək lazımdır. Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin də daxil olduğu üçtərəfli əməkdaşlıq formatı region üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə Gürcüstanın iqtisadiyyatında və ticarətində aparıcı mövqe tutur və Azərbaycanın hərbi-siyasi sahədə ən mühüm tərəfdaşıdır. Eyni zamanda, həm Gürcüstanın, həm də Azərbaycanın Rusiya ilə özünəməxsus münasibətləri var. Lakin Tbilisidən fərqli olaraq, Bakı çalışır ki, mümkünsə, Moskva ilə münasibətləri gərginləşdirməsin. Bütün bu amillər Azərbaycan-Gürcüstan münasibətlərinin ümumi dinamikasına mühüm təsir göstərir və eyni zamanda, onların gələcək inkişaf perspektivlərinin formatını işıqlandırır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31