Zeynal Əmrəliyev: “Azərbaycan-İran münasibətlərində müsbətə doğru ümidverici addımlar atılır” – ÖZƏL

Tehran şəhərində Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri baş tutub. Məsləhətləşmələrdə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti, vətəndaşların hüquqlarının qorunması, hüquqi yardımın təkmilləşdirilməsi, eləcə də aidiyyəti qurumlar arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Son vaxtlar iki ölkə arasında baş verən gərginlik fonunda bu cür konsulluq məsləhətləşmələrinin keçirilməsi Azərbaycan-İran münasibətlərində yumşalma və yeni əməkdaşlıq mərhələsinin başlanğıcı sayıla bilərmi? 

"Azərbaycan və İran qonşu ölkələrdir. Ölkələrimiz arasında sıx mədəni əlaqələr mövcuddur. Ortaq tarixi köklərimiz var və eyni zamanda İranın cənubunda çoxsaylı azərbaycanlılar yaşayır. Bu və digər amillər Azərbaycan-İran qonşuluq münasibətlərinin normal şəkildə inkişaf etdirilməsini zəruri edir".

Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan ümumilikdə bütün qonşuları, o cümlədən İranla münasibətlərində daim çalışıb ki, sülh və qarşılıqlı anlaşma olsun, əlaqələr müsbət şəkildə inkişaf etsin. Lakin çox təəssüf ki, ölkəmizin apardığı mehriban qonşuluq siyasətinə baxmayaraq, müstəqilliyimizin ilk illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü bu münasibətlərin pozulması ilə nəticələndi və Cənubi Qafqaz regionunda 30 illik qeyri-sabitliyin əsasını qoydu. Əfsuslar olsun ki, bu müddət ərzində İran da öz müsəlman həmrəyliyini nümayiş etdirmədi. Əksinə, Ermənistanla sıx əməkdaşlıq etdi - istər müharibədən əvvəl, istər müharibə dövründə, istərsə də postmüharibə mərhələsində. Biz İranın Ermənistandakı fəal mövqeyinin şahidi olduq. Bu isə iki ölkə arasında müəyyən anlaşılmazlıqların yaranmasına səbəb oldu".

Z. Əmrəliyev vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Bakı və Tehran arasında münasibətlərin normallaşması üçün ümidverici addımlar atılmağa davam edir.

"Rəsmi Bakı hər zaman çalışır ki, Azərbaycan-İran münasibətləri normal və sağlam əsaslarla inkişaf etsin. Təəssüf ki, biz qarşı tərəfdən bunun şahidi ola bilmirik. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hücumu və bu hücumu həyata keçirən şəxsin hələ də layiq olduğu cəzanı almaması, yəni məhkəmə qərarının icra edilməməsi bir daha İranın Azərbaycanla bağlı mövqeyini üzə çıxarır. Bütün bunlara baxmayaraq, iki ölkə arasında danışıqlar davam etdirilir. İranda milliyyətcə azərbaycanlı və Türkiyə ilə müsbət münasibətləri olan Məsud Pezeşkianın hakimiyyətə gəlməsi müəyyən ümidlərin yaranmasına səbəb olub. Hazırda Bakı və Tehran arasında bu və ya digər formada danışıqlar aparılır, əlaqələrin inkişafı üçün müəyyən tədbirlər görülür və bu, müsbət hal kimi qiymətləndirilə bilər".

"Ümid edirik ki, İran tərəfi sonda normal və konstruktiv yanaşma sərgiləyəcək və Azərbaycanla münasibətlərdə müsbətə doğru addımlar atacaq", - deyə siyasi şərhçi əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31