Paşinyanın parlamentdəki çıxışı zamanı etdiyi qəribə hərəkətlər nəyə işarədir?- ÖZƏL

"Aprelin 15-də parlamentdəki çıxışı zamanı Ermənistan baş nazirinin psixologiyasının və elə əhvalının da o qədər də yerində olmadığını təsdiqləyən kadrları yayan Rusiya sayt və teleqram kanalları, həmən xəbərdəcə Paşinyanın Azərbaycanla birgə Minsk qrupunu buraxmaqla bağlı addım ata biləcəkləri haqda açıqlamasını da dərc ediblər. Rusiyanın bütün sayt və teleqram kanallarında Ermənistan baş nazirinin parlamentdəki çıxışı zamanı etdiyi qəribə hərəkətlərlə, həmən açıqlamasının bir yerdə dərci, məncə, Minsk qrupunun buraxılması ideyasının heç də xoşa gəlmədiyinə verilən dolayı reaksiyadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Amma aprelin 4-də Ermənistan Prezidenti Vaahn Xaçatryanın ölkəsinin Avropa Birliyinə  üzvlük prosesinin başlanması haqqında qanunu imzalamasından 10 gün ötməmiş Hay Sahibkarlar Assosiasiyasının Moskvada biznes forumunun təşkili, həmən qurumun prezidenti, "Taşir" Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyanın Avropa Birliyinə üzvülük cəhdinin Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyi haqda xəbərdarlığı buna Kremlin birbaşa və açıq etirazıdır. Bu həm də o deməkdir ki, Rusiyada 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinə hazırlığa start verilib və onun maliyyələşməsini də məhz oradakı ən varlı hayın başında durduğu  Sahibkarlar Assosiasiyası reallaşdıracaq. 

Pul paylamaqla Ermənistanda seçici səsini qazanmağın mümkünlüyü artıq İrəvandan sonra ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən seçkidə öz təsdiqini tapdı.  Paşinyanın sözü gedən seçkidə bütün inzibati mexanimzləri işə salmasına, hətta kampaniyaya qatılmasına baxmayaraq dünən müxalifətin təmsilçisi Vardan Qukasyan mer seçildi.  Və özünü kommunist kimi təqdim edən bu mafioz elə ilk gündəcə ölkəsini Rusiya ilə Belarusun yaratdıqları ittifaq dövlətinə üzvlüyə çağırdı. Qukasyan nədən belə bir istəyinin olduğunu onlara xas bəzi saxtakarlıqlara da yol verməklə bu cür izah edir:  "1920-ci ilin 20 avqustunda Rusiya ilə imzalanan müqaviləyə görə, Zəngəzur, Qarabağ və Naxçıvan bizə verilirdi. Və elə həmən gün imzalanan Sevr anlaşmasında ingilislərlə fransızlar bizə 160 min kv kilometrlik ərazi vəd etdilər. Biz onlara inandıq. Bir neçə gün sonra türklər nə vardı əlimizdən aldılar və Aleksandropol anlaşmasına görə bizə cəmisi 9,7 kv km torpaq saxladılar. Ruslarsız bizim indiki kimi 29,8 kv km ərazimiz olmazdı".

Beləliklə, ABŞ-Rusiya sövdələşməsi az-çox Moskvanın arzuladığı şəkildə bitəcəyi halda Paşinyanı  böyük təhlükələr gözlədiyi artıq duyulmaqdadır. Özündən əvvəlki nasist sələflərindən fərqli olaraq onun üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir. Mümkündür ki, belə bir perspektivlə üzləşə biləcəyini  hiss etdiyindən Ermənistan baş naziri parlamentdəki çıxışında o cür isterikcəsinə davranırdı və eyni zamanda da  verdiyi açıqlamalarda Azərbaycanın konstitusiyalarına dəyişiklik, Minsk qrupunun buraxılmasıyla bağlı tələblərinin heç də əsassız olmadığını sərgiləyirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31