Mirzoyandan tarixi ETİRAF: “Ermənistanın 60%-dən çoxu Azərbaycanın olub”

"Azərbaycan Konstitusiyasında sovet dönəmindən öncəki hökumətin Müstəqllik Bəyannaməsinə istinad edilir. Bildirilir ki, bugünkü respublika  Azərbaycan SSR-in deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir".

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli jurnalistlərə müsahibəsində deyib.

XİN başçısı sovet dönəmindən əvvəl mövcud olmuş Azərbaycan Cümhuriyyətinin ərazisinin indikindən qat-qat böyük olduğunu bildirib:

"AXC -nin torpaqları indiki Ermənistan ərazisinin 60%-dən çoxunu əhatə edirdi. Yəni bu məsələ bizi narahat edir, amma davamlı olaraq gündəmə gətirmirik. Çünki Kontitusiya məsələsində problemin həllini sülh müqaviləsinin imzalanmasında görürük. Sənəd təsdiqləndikdən sonra istənilən məsələ həllini tapa bilər.

Azərbaycan tərəfi davamlı olaraq Ermənistan Konstitusiyasına düzəliş edilməli olduğunu vurğulayır. Onlar bildirirlər ki, bizim konstitusiyamız Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İstiqlal Bəyannaməsinə əsaslanır. Narahatlıqları başadüşüləndir, lakin bu, tamamilə doğru deyil. Biz sülh müqaviləsində tərəflərin bir-birilərinin Sovet Sosialist Respublikaları İttifaqının dövründə mövcud olmuş və sonralar beynəlxalq səviyyədə tanınmış ərazilərini qarşılıqlı şəkildə tanıdığını təsdiqləyirik. Yəni bu müddəa Azərbaycanın narahatlığının aradan qaldırılması üçün tələblərinə tam cavab verir. Bir sözlə, müqavilənin imzalanması bu prinsipi rəsmi olaraq təsdiqləyəcək".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün yeni konstitusiyanın İstiqlal Bəyannaməsinə əsaslanmasını doğru hesab etmədiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31