ABŞ ilə danışıqların növbəti raundunda iki əsas məsələ diqqət mərkəzində olacaq – İranlı nazir müavini
17 Aprel 11:56 Siyasətİran və ABŞ arasında danışıqların 2-ci raundunda iki əsas məsələ - İranın nüvə proqramı və İran əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsi diqqət mərkəzində olacaq və araşdırılacaq.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ikinci raundda detallı mətnin yazılması diqqət mərkəzində olmayacaq. Qeyd olunan iki məsələ haqda çərçivələrin müəyyənləşməsi, hansı addımların atılması, hansı sanksiyaların ləğv edilməsi aydınlaşmalıdır.
Qəribabadi deyib ki, detallı mətnin yazılmasına iki tərəfin çərçivələr və iş gündəmi haqda razılığa gəlməsindən sonra başlanıla bilər.
"İranın qənaətincə, 2-ci raundda çərçivələr və iş gündəmi üzərində anlaşma əldə etmək olar. Əlbəttə, bu iş asan deyil, əksinə, mürəkkəb və çətindir. Lakin qeyri-mümkün deyil. Xüsusilə qarşı tərəf 1-ci raundda yürütdüyü strategiya ilə növbəti raunda daxil olarsa, 2-ci raundda irəliləyişin əldə edilməsi tamamilə mümkündür", - deyə o qeyd edib.
Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.