Gürcüstan da Azərbaycan sayaq siyasət yürütmək istəyir- ÖZƏL
17 Aprel 10:11 Siyasət"Baş nazir İrakli Kobaxidze kimi Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də bu vəzifədə ilk rəsmi səfərini Azərbaycana etməsinin bir çox səbəbləri var. Onlardan biri əsl strateji tərəfdaşlar olmağımızdır. Yəni aramızda illərin sınağından keçən, qarşılıqlı fayda üzərində qurulan dərin, çoxşaxəli əlaqələr var və bizim strateji tərəfdaşlığımız bəziləri ilə olduğu kimi sadəcə sənəd üzərində deyil. Yəqin Gürcüstanda başqa bir strateji tərəfdaşlarının-Ermənistanın işğal altındakı Abxaziyada keçirilən qanunsuz seçki haqda mövqe bildirmədiyini də, ADA-dakı beynəlxalq forumda Azərbaycan Prezidenti cənab İlham Əliyevin onların maraqlarını necə qətiyyətlə qorumasını da nəzərdən qaçırmayıblar. Və hər iki qonşusunun payızda Gürcüstanda keçirilən parlament seçkisi zamanı necə davrandıqlarını da unutmayıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Eyni zamanda onlar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Səmərqənddə orta dəhlizdən danışarkən, Gürcüstanı "unudub" dalan ölkədən söz salmasının elə-belə olmadığının, burada Ermənistanın "böyük bacı"sının az rol oynamadığının da yaxşı fərqindədirlər.
Amma qərbdəkilərin nə düşünməsindən asılı olmayaraq dövlət başçımızın bu günkü açıqlamasından da göründüyü kimi Azərbaycan Gürcüstanın dünya üçün strateji önəminin azaldılmasına imkan verməyəcək. Cənab İlham Əliyevin "Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil", "Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir"-açıqlamaları məhz bu demək idi.
Prezidentlərin mətbuata birgə bəyanatlarında cənab Mixeil Kavelaşvilinin "dırnaqarası liberal dəyərlər", "ikili standartlar", "xarici qüvvələrin daxili işlərə müdaxiləsi" kimi ifadələr işlətməsi, "Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik" deməsi və buna görə Azərbaycanın dövlət başçısına təşəkkür etməsi də mənim diqqətimi çəkdi.
Firkimcə, Gürcüstan Baş nazirinin də, Prezidentinin də bu vəzifədə ilk səfərlərini Bakıya etmələrində həlledici məqam məhz budur, yəni qonşu ölkə də heç kimin çətiri altına girmədən, hər hansı gücün diqtəsi ilə oturub-durmadan, sırf öz milli maraqlarını güdərək, Azərbaycanla əl-ələ verərək Azərbaycan sayaq siyasət yürütmək istəyir".