Ermənistanda revanşist qüvvələrin fəallaşması təhlükəli proseslərin xəbərçisidir – ÖZƏL

Ermənistanın daxili siyasətində yenidən hərəkətlilik müşahidə olunur. Keçmiş prezident Serj Sarkisyanın son zamanlar siyasi səhnəyə qayıdışı və hakimiyyətə qarşı sərt tənqidləri ölkədə yeni siyasi dalğalanmanın xəbərçisi kimi qiymətləndirilir. 

Maraqlıdır, Serj Sarkisyanın yenidən fəallaşması nədən xəbər verir?

"Ermənistan daxilində son vaxtlar baş verən hadisələr revanşist qüvvələrin yenidən fəallaşdığını göstərir. Biz bir daha görürük ki, Ermənistanda separatçıların, revanşist dairələrin, xüsusilə də Robert Koçaryan və Serj Sarkisyan qruplaşmalarının ölkədə qarışıqlıq yaratmaq istiqamətində cəhdləri müşahidə olunur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Təbii ki, bütün bu proseslər müxtəlif xarici dairələr tərəfindən hazırlanır və idarə olunur. Bu hadisələr eyni mərkəzlərdən yönləndirilir və məqsəd həm Ermənistan daxilində sabitliyi pozmaq, həm də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına mane olmaqdır. Bu dairələr çalışırlar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın, bölgədə yeni müharibə ocağı yaransın və gərginlik daha da artsın. Serj Sarkisyanın separatçı və terrorçu meyilli çıxışları, ölkədə qarışıqlıq yaratmaq cəhdləri, Paşinyan hakimiyyətinə qarşı sərt tənqidlər və açıq etirazlar göstərir ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirmək niyyətində olan qüvvələr hələ də fəaldır".

Siyasi şərhçi qeyd edib ki, Ermənistanda revanşist etirazlar fonunda Paşinyan hökumətinin ziddiyyətli və qeyri-sabit siyasəti sülh prosesinə ciddi maneələr yaradır.

"Son dövrlərdə bir qrup revanşist və separatçının İrəvan küçələrində etiraz aksiyaları keçirməsi, çadırlar quraraq hökumətə qarşı narazılıqlarını ifadə etməsi bu meyllərin açıq təzahürüdür. Bununla yanaşı, Paşinyan hakimiyyətinin özü də Ermənistanda ziddiyyətli siyasət yürüdür. Bir tərəfdən sülh mesajları verir, digər tərəfdən isə hərbi təlimlər keçir, atəşkəsi pozur və Azərbaycana qarşı təxribatlar törədir. Bundan əlavə, Ermənistan hələ də ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ümid bəsləyir, Konstitusiyaya zəruri dəyişiklikləri etmir və bu da göstərir ki, ölkə müstəqil siyasət yürütməkdə acizdir. Paşinyan sülh müqaviləsinin imzalanmasını uzadır, eyni zamanda manipulyativ açıqlamalarla guya sülhpərvər bir imic yaratmağa çalışır".

S. Kərimli vurğulayıb ki, Ermənistanda revanşist meyllərin güclənməsi və siyasi sabitsizlik regionda yeni gərginliklərin yaranmasına səbəb ola bilər.

"Bütün bu proseslər göstərir ki, Ermənistanda daxili vəziyyət sabit deyil. Ölkədə yenidən siyasi çalxalanmalar baş verir və ehtimal olunur ki, qarşıdakı dövrlərdə bu proseslər daha da sürətlənəcək. Bu isə Ermənistan daxilində ciddi və təhlükəli gəlişmələrin baş verəcəyindən xəbər verir. Baş verən hadisələr sülh danışıqları üçün ciddi təhdid yaradır. Təəssüf ki, Ermənistan cəmiyyəti hələ də vahid mövqe sərgiləmir və revanşist-separatçı meyllərlə hərəkət etməyə davam edir. Sülh müqaviləsinin bilərəkdən uzadılması bu niyyətlərin nəticəsidir. Buna görə də proseslərin sonunun nikbin olacağını proqnozlaşdırmaq çətindir. Əgər Ermənistan bu cür davranışları davam etdirərsə, sülh prosesinə mane olarsa, Azərbaycana qarşı hərbi təxribatları genişləndirərsə, o zaman Azərbaycan dövləti də öz suveren hüquqlarını qorumaq üçün sərt və qəti addımlar atmaq məcburiyyətində qalacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31