Keçmiş revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi çətindir- Turan Rzayev- ÖZƏL
16 Aprel 16:47 SiyasətErmənistanın daxili siyasətində çalxalanmalar güclənir. Keçmiş prezident Serj Sərkisyan yenidən fəallaşaraq Paşinyan hakimiyyətini sərt tənqid edir və dəyişiklik çağırışları ilə çıxış edir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi bildirib ki, keçmiş revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi çətindir:
"Serj Sərkisyan, Robert Koçəryan və yaxud da bu qəbildən olan keçmiş revanşist, ultramillətçi qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi çətindir. Əslində, rahatlıqla deyə bilərik ki, bundan sonra da onların Ermənistanda hakimiyyətdə qalması, yenidən işğalçılıq siyasətinə başlaması, revanşist duyğularla erməni xalqını zəhərləməsi çətin görünür.
Hər nə qədər Ermənistanda hələ də bu şəxslərin fəaliyyəti olsa da, onlara inanan müəyyən insanlar olsa da, bu, çox az bir kütləni təmsil edir və artıq erməni cəmiyyəti, xalqı başa düşür ki, regionda varlıqlarını qoruyub saxlamaq üçün bu köhnə, xəstə təfəkkürlü və Ermənistana heç bir dəyər vəd etməyən ideologiyadan imtina etmək lazımdır.
Paşinyan əslində parlamentdəki çıxışlar zamanı və yaxud da diaspora lobbisi ilə görüşlər zamanı bunu deməyə çalışır: biz reallığı dərk etməliyik. Dərk etməli olduqları reallığı Azərbaycan, faktiki olaraq, 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatları fonunda onlara başa saldı və bu reallığı artıq dərk edirlər. Belə olan təqdirdə də Paşinyan, əslində, müharibədəki məğlubiyyətin, eyni zamanda mövcud problemlərin, baş vermiş münaqişənin bütün günahını keçmiş müxalifətin üzərinə yıxır ki, haqlıdır da. Yəni 30 il ərzində Sərkisyan hakimiyyəti dövründə və təbii ki, onlardan sonra gələn hakimiyyətlər bu prosesi uzatdılar, özlərini daha üstün mövqedə gördülər və nəticə etibarilə də sonunda məğlub oldular. Paşinyan isə indən belə Ermənistana əlində qalanlarla kifayətlənib regionda varlıqlarını qorumağa çalışır. Bu baxımdan da mən keçmiş müxalifətdən kimin hakimiyyətə gəlməsini real görmürəm. Ermənistanda artıq oturuşmuş bir sistem var və bu sistem böyük ehtimalla gələcəkdə daha Qərb yönümlü siyasətçiləri yetişdirib onların hakimiyyətə gəlməsinə çalışacaq".
Zeynəb Mustafazadə