Bu şəxslər tarixin zibilliyinə qərq olacaqlar...– ÖZƏL

"Həm Serj Sarkisyan, həm də Robert Koçaryan kimi keçmiş xunta rejiminin üzvləri tez-tez aktivləşmək və siyasi səhnəyə qayıtmaq cəhdləri edirlər. Bu da ilk dəfə deyil - 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəldikdən bəri onların belə revanşist addımlarının dəfələrlə şahidi olmuşuq".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamaslnda bildirib:

"Lakin həm Serj Sarkisyanın, həm də Robert Koçaryanın bu gün Ermənistan cəmiyyətində ciddi bir ictimai dəstəyi yoxdur. Hər ikisi keçmişin qalıqları kimi qəbul olunur - böyük vədlər vermiş, lakin bunları yerinə yetirə bilməmiş siyasətçilərdir.

Düzdür, Nikol Paşinyan da çox uğurlu bir siyasətçi deyil. O da verdiyi vədlərin böyük hissəsini yerinə yetirə bilməyib. Lakin Paşinyan onlardan fərqli olaraq, daha nüfuzlu bir siyasətçidir - ən azından Ermənistan daxilində hələ ki, onların etdiyi qədər faciələr törətməyib. O, Ermənistan xalqını Sarkisyan və Koçaryan kimi böyük cinayətlərə sövq etməyib.

Onlar isə Xocalı, Qaradağlı kimi qanlı faciələrin törədilməsinə səbəb olub, bu qətliamlardan sonra isə xalqa "xoşbəxt gələcək" vəd ediblər. Amma o vəd etdikləri gələcək heç vaxt reallaşmayıb. Qarabağı 30 il işğal altında saxlasalar da, orada investisiya edə bilməmişlər. Çünki birincisi, özləri də bilirdilər ki, o torpaqlar onlara aid deyil. İkincisi, onların bunun üçün maliyyə resursları yox idi və Ermənistanı beynəlxalq arenada heç bir ciddi əməkdaşlığa cəlb edə bilməmişdilər.

Əslində, Nikol Paşinyan da bu gün atdığı bəzi addımlarla onların yolunu təkrar edir. Amma Paşinyanın qarşısında bu gün fərqli bir seçim var: əgər o, Azərbaycanla sülh müqaviləsi imzalasa və Zəngəzur dəhlizi kimi regional kommunikasiyaların açılmasına imkan versə, Ermənistanın gələcəyi dəyişə bilər. Bu, Ermənistan daxilində, xüsusilə işğalçı xülyalara qapılmayan kəsimdə müəyyən bir ümid doğurur.

Lakin Nikol Paşinyan hələlik bu cəsarətli addımları ata bilmir. Mən düşünürəm ki, əgər o, bu addımları ata bilsə, Ermənistanı hazırkı ağır iqtisadi vəziyyətdən çıxara bilsə, Serj Sarkisyan, Robert Koçaryan və onların kimiləri birdəfəlik tarixin zibilliyinə qərq olacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31