Zəngəzurdan olan azərbaycanlı qaçqınlarla bağlı daha bir sənəd üzə çıxdı- ÖZƏL
16 Aprel 14:44 SiyasətTarixçi alim, Milli Məclisin sədr müavini Musa Qasımlı Zəngəzurdan olan azərbaycanlı qaçqınlarla bağlı daha yeni bir sənəd paylaşıb. "Olaylar"ın məlumatına görə, tarixçi alim qeyd edib ki, sözügedən sənəd Gürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin fondlarında saxlanılır: "Zəngəzurdan olan azərbaycanlı qaçqınlarla bağlı Gürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin fondlarında saxlanılan bir sənədi paylaşıram. Sənədin mahiyyəti belədir. Zəngəzurdan olan qaçqınlar haqqında Xalq Sosial Təminat Komissarlığının məruzəsi Azərbaycan Komsomol Gənclər İttifaqı Naxçıvan Diyar II qurultayında dinlənilib və buna dair qətnamə qəbul edilib. Qətnamədən aydın olur ki, Zəngəzurdan qovulan azərbaycanlılar Naxçıvan, Xoy və Salmasa sığınmışdılar. Ermənistan sovet hakimiyyəti Naxçıvanda olan qaçqınları geri qəbul etmir və erməniləri onların evlərinə yerləşdirməkdə daşnak siyasətini yürüdürdü. Azərbaycanlı qaçqınların ağır vəziyyətini yüngülləşdirməkdən ötrü Ermənistanın Naxçıvandakı iqtisadi nümayəndəsi Manusyana 2 min pud buğda verilmişdi. O isə buğdanı azərbaycanlılara deyil, hamısını istisnasız olaraq ermənilərə vermişdi. Qətnamədə buna etiraz edilir, Zəngəzur qaçqınlarının geri qaytarılmasını, Naxçıvan Respublikasına münasibətdə üsulsuz, ağılsız siyasətindən imtina etməyi Ermənistandan tələb etmək Azərbaycan KP MK-dan xahiş olunurdu".