Aİ Ermənistan üçün 20 milyon avro ayırmağı müzakirə edir – ÖZƏL

Avropa İttifaqı Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondundan bu il təxminən 20 milyon avro ayırmağı müzakirə edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda sloveniyalı həmkarı Tany Fayon ilə birgə mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, ötən il Aİ Ermənistana 10 milyon avro ayırmışdı, bu il isə məbləğ "iki dəfə daha çox" ola bilər. Lakin bu məsələdə Macarıstanın bloklaması səbəbindən yekun qərar hələ qəbul olunmayıb. Macarıstan, yardım paketinə Azərbaycanın da daxil edilməsini tələb edir.

Tanya Fayon isə bildirib ki, Sloveniya Ermənistan üçün dəstək təklifini dəstəkləyib, lakin bu kimi maliyyə qərarları yalnız Aİ-nin yekdil razılığı ilə qəbul olunur.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Aİ Ermənistan ordusu üçün nəzərdə tutulmuş çadır düşərgəsi layihəsinə 10 milyon avro ayırmışdı. Həmin vaxt da Macarıstan eyni səbəbdən vetosunu yalnız Azərbaycana mina təmizləmə sahəsində eyni məbləğdə yardım ayrılması şərtilə geri götürmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31