“Qərbin Ermənistana yönəlik siyasəti onu təcridə aparır” – Ramiyə Məmmədova – ÖZƏL

"Bu gün Ermənistanda ölkənin gələcəyi üçün çalışan insanlar da var, Ermənistanın monoetnik dövlət olaraq qalmasını istəyənlər də. Eyni zamanda, ölkənin davamlı olaraq militarist ideologiyaya söykənməsini arzulayan təbəqələr də mövcuddur. Bu düşüncə tərzləri həm müxalifət, həm də iqtidar daxilində mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib. Politoloq qeyd edib ki, Ermənistanın daxili parçalanmaları və sosial-siyasi problemləri sülh prosesini çətinləşdirən əsas amillərdəndir:

"Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı hər gün müxtəlif ideyalar səslənir. Məsələn, belə bir versiya yayıldı ki, Ermənistan Konstitusiyada dəyişiklik etməyə hazırdır. Ümumiyyətlə, Ermənistanın bu gün həm daxili, həm də xarici siyasətində ciddi problemlər yaşanır. Xüsusilə sosial problemlər bu gün Ermənistanda baş alıb gedir. Bununla yanaşı, siyasi problemlər də özünü göstərir. Siyasi cəmiyyətin daxilində iki, hətta üçtərəfli parçalanmalar müşahidə olunur".

Ramiyə Məmmədova əlavə edib ki, Paşinyan bəzən Ermənistanın reallıqlarla üzləşərək sülhə yönəlməsini istəyən realist lider kimi çıxış etsə də, daxili və xarici təzyiqlər onun siyasətini məhdudlaşdırır.

"Ermənistanın siyasi səhnəsində bəzən yeganə adekvat çıxışları edən şəxs kimi Paşinyanı görürük. Onun son bəyanatlarında Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etməsi, Ermənistanın qonşu dövlətlərlə düşmənçilik etmədən yaşamalı olduğunu deməsi və dövlətinin mövcudluğunu qorumaq istədiyini müşahidə edirik. Bütün bunlar onu göstərir ki, hazırda Ermənistanda məsələyə daha realist yanaşan siyasətçi məhz Paşinyandır. Təbii ki, Paşinyanın üzərində həm daxildən, həm də xaricdən böyük təzyiqlər var. Ermənistan iqtisadi cəhətdən özünü idarə edə biləcək vəziyyətdə deyil. Ona görə də xarici iqtisadi dəstəyə möhtacdır və bu dəstəyi verən ölkələrin və lobbilərin maraqlarına uyğun hərəkət etməyə məcbur qalır. Bu da Paşinyanın siyasətində müəyyən məhdudiyyətlər yaradır. Ermənistan bu yolla bir tərəfdən iqtisadi balansını qorumağa çalışsa da, digər tərəfdən dövlətçiliyinin zəifləməsinə və tədricən geriləməsinə səbəb olur. Paşinyan isə bunu çox yaxşı anlayır. Çünki xəstə ideologiya ilə heç bir dövlət irəliləyə bilməz. Bu, mümkün deyil".

Siyasi şərhçi Qərbin bəzi dairələrinin Ermənistana yönəlik siyasətinin onu təcridə apardığını və regionda sülhə deyil, qarşıdurmaya şərait yaratdığını da qeyd edib.

"Bu gün Avropa Birliyində və ABŞ-də də müəyyən "xəstə ideologiyalar" mövcuddur və həmin ideologiyalara xidmət edən dövlət başçıları var. Həmin siyasətçilər Ermənistanı dəstəkləyir, ona yol göstərirlər. Bu isə Ermənistanı getdikcə daha çox monoetnik, qapalı və izolyasiyada olan bir dövlətə çevirir. Nəticədə, Ermənistan hətta ən yaxın müttəfiqi Rusiya ilə də gərgin münasibətlər yaşayır. Rusiya bu münasibətləri müəyyən səviyyədə saxlamağa çalışsa da, hazırda Qərblə Ermənistan arasında formalaşan ittifaq Rusiya ilə münasibətləri daha da gərginləşdirib. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, Qərb ölkələrinin bəziləri, xüsusilə Makron kimi şəxslər, Cənubi Qafqazda sülh deyil, münaqişə tərəfdarıdır".

"Almaniya Prezidenti ilə olan görüşdə də Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Ermənistanın sülh masasına oturmasında heç bir problem yoxdur. Sadəcə, iki əsas məsələ qalır: Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını tamamilə ləğv etməsi; Minsk Qrupunun fəaliyyətinin artıq tamamilə dayandırılması; Bu iki məsələ həll olunarsa, sülh mümkündür. Paşinyan da adekvat düşünərək anlamalıdır ki, başqa bir dövlətə qarşı ərazi iddiası daim müharibə şəraitində olmaq deməkdir. Bu isə regionun inkişafını mümkünsüz edir", - deyə politoloq əlavə edib.

Sonda Ramiyə Məmmədova bildirib ki, regional sülh və inkişaf üçün əməkdaşlıq vacibdir və Azərbaycan bu mesajı davamlı şəkildə Ermənistana və beynəlxalq ictimaiyyətə çatdırır. 

"Əgər dövlətlər bir-biri ilə tərəfdaşlıq etməsələr, bu regionda nə iqtisadi inkişaf, nə də sülh mümkün olacaq. Çünki bu ölkələrin logistikası, infrastrukturu, hava və dəmir yolları bir-birinə bağlıdır. Əgər bu dövlətlər əməkdaşlıq etsələr, həm iqtisadi, həm də siyasi baxımdan daha güclü ola bilərlər. Azərbaycan bu mesajı həm Ermənistana, həm də onun havadarlarına bütün səviyyələrdə, bütün dillərdə izah edir. Əgər Ermənistan düzgün yolu seçsə, Türkiyə, Azərbaycan, Gürcüstan və digər region ölkələri ilə əməkdaşlıq etsə, o zaman heç bir dövlətdən nə iqtisadi, nə də siyasi yardım almağa ehtiyacı olmayacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31