Ermənistanın şansları hələ də tükənməyib- ÖZƏL
9 Aprel 15:23 SiyasətPrezident İlham Əliyev ADA Universitetində keçirilən forumda bildirib ki, Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi. Lakin bu fürsəti qaçıraraq iqtisadi gələcəklərini itirdilər və real müstəqilliklərini əngəllədilər. Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın bu vəziyyəti dəyişmə şansları mövcuddur:
"Cənab Prezident bugün ADA Universitetindəki konfransda Ermənistanla bağlı reallığı dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu. Əsas məqam ondan ibarətdir ki, Ermənistanın 30 il ərzində Azərbaycan topraqlarını işğal altında saxlaması təkcə regional əməkdaşlıq formatlarına böyük zərbə vurmadı. Həmçinin Ermənistanın özünün nə qədər yararsız, işğalçı və eyni zamanda qlobal əməkdaşlıqdan kənar bir ölkə olduğunu göstərmiş oldu. Cənab Prezident forumda vurğuladı ki, əslində, Ermənistanın regional layihələrdən kənar qalıb dalan dövlətinə çevrilməyinin səbəbi Ermənistanda "böyük Ermənistan" xülyasının ideoloji təbliğat vasitəsi kimi uzun illər istifadəsinin nəticəsidir. Əlbəttə ki, Ermənistanın bu vəziyyəti dəyişmə şansları mövcuddur. Cənab Prezident forumda bir daha vurğuladı ki, Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı olan açıq iddialar aradan qaldırılmalıdır, eyni zamanda, Ermənistan Azərbaycanla əməkdaşlıqda və sülh müqaviləsində səmimi mövqələr ortaya qoymalıdır. Doğrudan da, bugün Azərbaycanla Gürcüstan arasındakı model Azərbaycan-Ermənistan əlaqələrinə də sirayət edə bilərdi. Bunun üçün Ermənistanın şansları hələ də tükənməyibdir. Amma, Ermənistandakı indiki hakimiyyət də özündən əvvəlki revanşistlərin mövqeyini davam etdirərək, bölgədə sabit əlaqələr sisteminin formalaşmağında o qədər də maraqlı tərəf qismində iştirak etmir. Bu da Ermənistanın düşdüyü dalan vəziyyətinin daha da dərinləşməyinə səbəb olur".
Zeynəb Mustafazadə