Azərbaycan Avropanın qaza tələbatını ödəmək üçün qaz mənbələrinə və nəqliyyat marşrutlarına sahibdir- ÖZƏL

"Azərbaycan qazının Avropaya təchizatı coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amildir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Son iki ildə Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində Cənub Qaz Dəhlizi layihəsinin durması, Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclasında qeyd etdiyi kimi, bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. Bununla belə, Azərbaycan əmin olmalıdır ki, Avropada bizim təbii qaza ehtiyac növbəti bir neçə il üçün də olacaq. Belə bir təminat olmadan investorlar sərmayə yatırmayacaqlar. Bu isə təbii qazın böyük bir qıtlığına səbəb olacaq. Azərbaycanın mövcud ehtiyatları məlumdur və bu ehtiyatlardan istifadə üçün yeni yataqlardan hasilata başlamaq lazımdır. Öz çıxışında cənab Prezident birmənalı olaraq bildirdi ki, Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası genişlənəcək. Azərbaycan artıq qazpaylama şəbəkəsinin yaradılması ilə bağlı bəzi Avropa ölkələrində praktiki işlər görür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31