Böyük siyasi oyunlar bəzən heç kimin tanımadığı bir adamın qəfil gündəmə gəlməsi ilə başlayır-Özəl

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən alındı. O, Azərbaycandakı məktəbli forması qaydalarını "hicab qadağası" kimi tənqid edirdi və bununla iki qardaş ölkə arasında gərginliyin daha da artmasına səbəb olmuşdu. Onun vəzifədən alınması yaranan bu gərginliyi müəyyən qədər yumşaltmış ola bilər. Ancaq məsələ bununla bitirmi?" "Olaylar" xəbər verir ki, bunu Türk Dünyası məsələləri üzrə ekspert İlqar İlkin deyib: "Əslində Oqtay Saral vəzifəsindən uzaqlaşdırılmadan əvvəl öz mövqeyini geri götürə və ya təkzib də edə bilərdi. Bəs o bunu niyə etmədi? Bu qarşıdurmanın dərinləşməsində kimlər və niyə maraqlı oldu?
Etiraf edək ki, mən də daxil olmaqla, Azərbaycan cəmiyyətinin əksəriyyəti Oqtay Saral adında bir məmurun varlığından xəbərsiz idi. Türkiyə cəmiyyətinin özü də bu məmuru doğru-düzgün tanımırdı. Lakin bu olaylardan sonra o, Türkiyə toplumunda kifayət qədər populyarlaşdı, dini həssas çevrələr üçün indi az qala müqavimət simvoluna çevrildi. Siyasət də elə budur. Bəzən bir neçə günün içərisində görünməyən bir adam bir neçə günün içində mübahisə ilə siyasətdə siyasi kapital qazana bilir.
Oqtay Saral vəzifəsindən uzaqlaşdırıldı. Amma həm də ortaya maraqlı bir sual çıxır. Saral Ərdoğandan sonra Türkiyə siyasətində mümkün namizədlərdən biri ola bilərmi?
AKP-nin Ərdoğandan sonrakı dövr üçün siyasi varis axtarışları fonunda Hakan Fidanın adının olduğunu bilirik. Əsas namizəd kimi göstərilən Hakan Fidanın həm MİT görəvlisi Kaşif Kozinoğlunun müəmmalı ölümündə, həm də bu son olaylarda mübahisələndirildiyini də görürük. O zaman Oqtay Saralı mübahisələrin mərkəzinə gətirib, onu təzyiqlərlə üzləşən və haqsızlığa uğramış şəxs kimi təqdim etmək planını qurub, bununla da müəyyən elektoratın rəğbətini qazanmaq mümkün ssenari ola bilməzmi?
Unutmayaq ki, Ərdoğanın özü də böyük siyasətə buna bənzər ssenari ilə gəlmişdi, sadəcə xatırlamaq lazımdır. Onun öz siyasi yüksəlişində qarşıdurmaların və tərəfdarlarının nəzərində haqsızlığa uğramış lider obrazının oynadığı rolu da unutmayaq. Təbii ki, bu məsələdə paralellik aparmaq da bəlkə doğru deyil, çünki dəqiq faktımız yoxdur, bu ehtimallardır.
Oqtay Saral bu qarşıdurmanın təsadüfi iştirakçısıdır, yoxsa gələcək siyasi hesabların mümkün fiqurlarından biridir?
Hələlik biz bunu bilmirik. Amma özümüzə həm də Ərdoğandan sonrakı dövrün müzakirə olunduğu bir vaxtda bu sualı verməyə və düşünməyə dəyər. Çünki böyük siyasi oyunlar bəzən böyük bəyanatlarla deyil, əvvəlcə heç kimin tanımadığı bir adamın qəfil gündəmə gəlməsi ilə başlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31