Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoydu
4 Aprel 13:06 Siyasətİndi "top Ermənistan tərəfdədir"
Azərbaycanla sülh müqaviləsinin şərtlərinin razılaşdırılması xəbərini özünə dost, Cənubu Qafqazda isə xüsusi marağı olan dövlətlərə çatdıraraq divident qazanmaq niyyəti güdən Ermənistanın Baş naziri Nikol Paşinyan indi də həmin xəbərdən sui-istifadə yolunu tutub. Beynəlxalq aləmə Ermənistanı sülh carçısı, Azərbaycanı isə bu yolda keçilməz baryer kimi təqdim edən Paşinyan hətta təxribat törətməkdən belə əl çəkmir. Dildə sülh, əməldə təxribat yolu tutan Ermənistan nəinki sanksiyalara məruz qalmır, hətta beynəlxalq qınaqdan da yayına bilir. Lakin Ermənistanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan öz mövqeyini açıq şəkildə bəyan edib. Belə ki, qalib ölkə olmasına baxmayaraq sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan işğalçı dövlətə kifayət qədər şans verib. Qarşı tərəfə təqdim edilən 17 paraqrafdan ibarət sülh sazişinin mətni uzun müzakirələrdən sonra razılaşdırılıb. Qeyd edilməlidir ki, sözügedən sənəd üzərində razılaşma elə də asan başa gəlməyib. Məlumdur ki, Ermənistan tərəfi sülh danışıqlarını uzatmaq məqsədilə sənədin hər bir maddəsinə "mız" qoyub, icrası mümkün olmayan alternativ variant təklif edib. Lakin Azərbaycan tərəfinin təqdim etdiyi layihə beynənəlxalq hüquqa tam uyğun olduğundan onun kiminsə istəyinə uyğun dəyişdirilməsi mümkün olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib. "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir". Çox təəssüf ki, Azərbaycan tərəfinin bütün şərtləri Ermənistan üçün aydın olmasına baxmayaraq bütün cəhdlə sülh müqaviləsinin imzalanması müddətini uzatmağa çalışır. Ermənistan rəsmiləri yanlış, qərəzli açıqlamaları ilə beynəlxalq içtimaiyyəti aldatmağa çalışır. Reallıq isə tamamilə başqadır. Dövlətimizin başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".
Elə dünya dövlətləri və beynəlxalq təşkilatlar da sənədin beynəlxalq hüquqa ziddiyyət təşkil etmədiyini əsas gətirərək onun imzalanmasında neytrallıq nümayiş etdirirlər. Məsələn, Fransa, Hindistan kimi dövlətlər, eləcə də Avropa İttifaqı Ermənistana maddi və mənəvi dəstək verərək münaqişəni qızışdırmaq niyyəti güdürlər. Ermənistanı öldürücü silahlarla təmin edən Fransa və Hindistan işğalçı dövləti müharibəyə sürükləyərək Cənubu Qafqazda münaqişə ocağını alovlandırırlar. Avropa İttifaqının xüsusi səlahiyyətli nümayəndələri isə Ermənistan və Azərbaycanın şərti sərhədində "binokl diplomatiyası" missiyasını yerinə yetirirlər. Əsas məqsədləri Azərbaycanın hərbi eskolasiyasını, döyüş mövqeiərini, hərbi bazalarını müşayət etmək olan hərbi kəşfiyyatçılar əslində sülh müqaviləsinin imzalanmasına maneə olurlar. Münaqişə tərəfləri 17 paraqraflıq sənəd üzərində razılığa gəliblərsə, "müşahidə missiyası"nın fəaliyyəti nədən ibarət ola bilər?
Belə bir şəraitdə Avropa koalisiyasının üzvlərindən olan Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi təsadüfi deyil. Belə ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizə səfəri zamanı Azərbaycanın ərazü bütövlüyünü və Qarabağın Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib: "Biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər". Bununla kifayətlənməyən Almaniya prezidenti Azərbaycanın çöğrafi məkanının dünya dövlətləri üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik".
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan tərəfinin təşəbbüslı çıxış etdiyi sülh müqaviləsinin şərtləri nəinki beynəlxalq hüquqa uyğundur, hətta Erməistanın maraqlarına cavab verir. Dövlət başçısı qeyd edib ki, əslində, belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır: "Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi. Bu, birincisi. İkincisi, Ermənistanda və bəzi Qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub. Əsas prinsipləri işləyən də Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak etmişdik. Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi". Göründüyü ki, Azərbaycan bütün mövcud imkanlardan istifadə edir ki, Ermənistanla sülh müqaviləsi imzalansın, regionda sülh və əmin-amanlıq bərqərar olsun. Nəzərə alaq ki, Rəsmi Bakı Azərbaycan, Gürcüstan və Ermənistanla birlikdə "Cənubi Qafqaz Evi" yaradılması təşəbbüsü ilə çıxış edib.
Alim