Azərbaycan bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir- ÖZƏL

"Azərbaycan ənənəvi resurslarla məhdudlaşmayaraq, bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir. Və bu, enerjinin transformasiyası ehtiyacının və ekoloji məsuliyyətin dərk edilməsi ilə diktə edilən strateji addımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Ölkə artıq günəş və külək enerjisinə milyardlarla dollar investisiya cəlb edib, BƏƏ, Səudiyyə Ərəbistanı, Aİ və iri beynəlxalq korporasiyalarla müqavilələr bağlayıb. Xəzər və Qara dənizləri Gürcüstan və Rumıniya vasitəsilə birləşdirən "yaşıl" enerji dəhlizi xüsusi əhəmiyyət kəsb edir ki, bu da "yaşıl" enerjinin Avropaya nəqli üçün unikal imkan yaradır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıqda Azərbaycanın rolu daha da artacaq. Bu sahədə investorlarla imzalanmış müqavilələrə toxunan dövlətimizin başçısı vurğuladı: "Müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31