Azərbaycan-Almaniya əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri və beynəlxalq təşkilatlarla ikitrəfli, bərabərhüquqlu əməkdaşllığa üstünlük verib. Artıq ölkəmizin yürütdüyü balanslaşdırılmış xarici siyasət öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, əksər dünya dövlətləri Azərbaycanı özlərinə strateji müttəfiq və etibarlı tərəfdaş hesab edirlər. Birmənalı şəkildə qeyd edilməlidir ölkəmizə sərgilənən belə münasibət dövlətimizin beynəlxalq qləmdə nüfuzunun daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycanın əməkdaşlığa üstünlük verdiyi qədim qitə dövlətlərindən biri də Almaniyadır ki, mövcud əməkdaşlıq özünün inkişaf dövrünü yaşayır. 
  Beynəlxalq güclərin təmsilçisi olan dövlətlərin heç biri indiyə qədər Azərbaycanın haqq işinə birmənalı dəstək verməyibsə, bundan sonra da verəcəyi barədə illuziyalardan uzaq olmaq şərtilə,  həm də dünya düzəninin hazırkı təlatümləri, qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyllərinin gücləndiyi bir  şəraitdə qlobal və regional proseslərə təsir gücünə malik olan ölkələrlə qarşılılı faydalılıq prinsipi əsasında münüsibətlərimizin dərinləşdirilməsi həm ölkəmiz, həm də regional kontekstdə xüsusi aktuallıq kəsb edir. Bu baxımdan dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan dövlətlərdən biri kimi  Almaniya ilə qarşılılı hörmət və qarşılılı faydalılıq prinsipi əsasında əməkdaşlığımızın davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Avropanın iqtisadi cəhətdən ən güclü dövləti olmaqla yanaşı, həm də BVF-in son siyahisına görə ABŞ və Çindən sonra yenidən dünyanın 3-cü dövləti yerini tutan Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi tərəfdaşlarından biridir. Eyni zamanda Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür.Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Son dövrlər baş verən bir sıra mənfi yüklü nüasları nəzərə almasaq, Almaniya Cənubi Qafqazın ən böyük və ən aparıcı ölkəsi  olan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səy göstərən ölkələr sırasındadır.  Milli Məclisin deputatı Əli Məsimli qeyd edib ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana  rəsmi səfəri Almaniya və Azərbaycanın əlaqələri genişləndirmək və dərinləşdirmək sahəsində birgə səylərin əməli addıma çevrilmiş  əyani nümunəsi kimi mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iki prezident arasında təkbətək və geniş tərkibdə  görüşlər olub. İki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə  çox geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar: "Əsas müzakirə Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı əldə olunan nəticələrin reallaşdırılması imkanlarına köklənib. Bununla yanaşı aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bir sıra məsələlər, Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu,ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, yaşıl enerji ilə bağlı əməkdaşlığa, humanitar əlaqələrin inkişafına toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir....Bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir.Səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir."
       Almaniya Prezidenti Frank-Valter Ştaynmayer öz bəyanatında bildirib ki, 2022-ci ildə bizim bir qayda olaraq Rusiyadan aldığımız qaz tədarükümüzdə qapanma yaranmağa başlayanda Azərbaycan burada üzərinə xeyli məsuliyyət götürdü və mən buna görə çox təşəkkür edirəm. Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə ticarət əlaqələrimizdə ölkənizin rolu var, yaxud da ki, Cənub-Qərbi Asiya ilə, Çinlə. Biz bilirik ki, hazırda mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Sizin region - Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək".
 
Millət vəkili bildirib ki, uzun illər Azərbaycanın əsas problemi olan Qarabağ probleminə münasibətdə beynəlxalq güclərin ölkəmizə elə bir köməyi olmayıb: "Azərbaycan Qarabağ problemini beynəlxalq hüququn prinsiplərinə və haqq-ədalətə əsaslanaraq öz  gücü ilə həll edib. Bununla belə nəzərə almaq lazımdır ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ona görə də Azərbaycanın əraziləri işğal altında olarkən, ATƏT-in Minsk Qrupunun tərkibindən Fransanın çıxarılması və onun əvəzinə Almaniyanın yer tutması məsələsi uzün illər aktual mövzulardan biri  olub.Torpaqlarımız işğaldan azad olunduqdan sonra Almaniya  Azərbaycanla Ermənisatan arasında sülh müqaviləsinin bağlanmasının tezləşdirilməsində maraqlı olduğunu bəyan edib.Almaniya prezidenti Frank-Valter Ştaynmayer də Azərbaycana səfəri zamanı Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Həmin lazımı dəstək kontekstində xüsusi qeyd etmək yerinə düşər ki, Almaniyanın, artıq 17 maddəsi razılaşdırılmış Sülh Müqaviləsin bağlanması üçün zəruri olan iki məsələnin-ATƏT-in Minsk Qrupunun ləğvi, eləcə də Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsi və Azərbaycana qarşı ərazi iddalarından imtina etməsi məsələlərinin həllinə də səy və təsir göstərməsi, önun Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən işlərə böyük töhfəsi olardı. İkincisi, Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var. Həmin müraciətlərin reallaşdırılması istiqamətində addımlar atılması, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə üzləşdiyi  böyükmiqyaslı mina probleminin aradan qaldırılmasına dəstək verməsi işin xeyrinə olar. Üçüncüsü, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında  Almaniyanın xüsusi rolu var. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malikdir. Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoqu təkcə qaz deyil, eləcə də neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə edir. Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir. Azərbaycan gələcəkdə Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək. Bu yöndə daha geniş miqyaslı fəaliyyət göstərməkdən ötrü bərpaolunan enerji sahəsində böyük təcrübəsi olan Almaniya şirkətləri ilə əməkdaşlıq  yaxşı nəticələr vermiş olar. Dördüncüsü, rəsmi məlumatlara görə,hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Son illər iki ölkə arasında ticarət dövriyyəsi də sürətlə artır. Belə ki, əgər 2020-ci ildə Almaniya ilə Azərbaycan arasındakı ticarət  dövriyyəsi 818 milyon dollara yaxın,o cümlədən idxal 583 milyon dollar, ixrac 234 milyon dollar  olmuşdusa, 2024-cü ilin nəticələrinə görə, iki ölkə arasında olan  ticarət dövriyyəsi 2 dəfə artaraq  1,6 milyard dolları ötmüş, o cümlədən idxal 1,4 dəfə artaraq 826 milyard dollra, ixrac isə 3,3 dəfə artaraq 777 milyard dollara çatmışdır. Almaniya Azərbaycanın xarici ticarətində, o cümlədən idxal və ixracda  6-cı yeri tutur. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı  ədə olunan nəticələrin sistemli şəkildə reallaşdırılması  iki ölkə arasında  siyasi və iqtisadi əlaqələrin yeni müstəviyə keçməsində mühüm rol oynaya,o cümlədən alman sərmayəsinin Azərbaycanda miqyaslarının genişlənməsində, eləcə də qeyri-neft sektorunda alman şirkətlərinin sayının artmasına və bu əsasda ticari-iqtisadi əlaqələrin xeyli genişlənməsində və ticarət dövriyyəsininin indikindən qat-qat çox olmasında təkanverici rol oynaya bilər. Beşincisi,Azərbaycanın mühüm ticarət yollarının kəsişdiyi bir haba çevrilməsi Azərbaycan-Almaniya münasibətlərinə yeni məzmun vermə potensialına malik  bir amildir. Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün vacib layihədir.Bu baxımdan  Azərbaycanla Almaniyanın nəqliyyat sahəsindəki əməkdağının genişləndirilməsi  mühüm regional və beynəlxalq əhəmiyyəti  olan Zəngəzur dəhlizinin reallaşmasında müsbət  rol oynaya bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31