Azərbaycan balanslı xarici siyasət yürüdür- ÖZƏL
10 Aprel 17:34 SiyasətPrezident İlham Əliyev bildirib ki, Azərbaycan, Türkiyə ilə İsrail arasında ilk barışmada vasitəçilik edib və hər iki ölkənin dost və tərəfdaş olduğunu, onların arasındakı anlaşmazlığın Azərbaycanı narahat etdiyini qeyd edib.
Politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında Azərbaycanın balanslı xarici siyasət yürütdüyünü bildirib:
"Azərbaycan hər zaman sülh tərəfdarı olub. Rusiya-Ukrayna müharibəsində də hər iki tərəflə əlaqələri davam etdirib, hər iki tərəf arasında vasitəçi olmağa çalışıb, həm Ukraynaya humanitar yardımlar edib, həm də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Digər tərəfdən Rusiya ilə Qərb, Çin ilə Qərb arasında olan qruplaşmalarda da tərəf tutmayıb. Qoşulmama Hərəkatına da üzv olub və sədrlik etmişik. Həmişə həm daxildə, həm də xaricdə sülh tərəfdarı olmuşuq. Ona görə də, Azərbaycan həmişə regional və qlobal gərginliyin əleyhinə olub. Türkiyə- İsrail məsələsində isə Azərbaycan bu ənənəvi mövqeyə söykənib. Bu bizim üçün daha vacib məsələdir. Çünki Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Digər tərəfdən Azərbaycanla İsrail arasındakı münasibətlər kifayət qədər dərindir. İqtisadi, siyasi, maliyyə və hərbi əməkdaşlıq mövcuddur. Azərbaycan İsraildən texnologiya və silah alır. Çox yüksək münasibətlər var. Çalışırıq ki, hər iki tərəflə münasibətlər korlanmasın. Azərbaycan Yaxın Şərqin gələcəyini belə görür ki, burada bir təhlükəsizlik arxitekturası yaratsınlar. Əsas rolu burada Türkiyə oynayır, Azərbaycan da Türkiyənin yanında olacaq. Azərbaycan istəyir ki, İsrail də, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr də burada rol oynasın. Təsadüfi deyil ki, kritik məqamlarda biz Səudiyyə Ərəbistanından Azərbaycana dəstək görürük. Eyni zamanda Misir prezidentinin Qafqaza və Azərbaycana səfəri də təsadüf deyildir. Burada bir regional sülh formalaşdırıla bilər. Hesab edirəm ki, bizim rəsmi mövqeyimiz daha çox bu məsələni ehtiva edir. Eyni zamanda Azərbaycan İsrail-Fələstin münaqişəsində də balansı qorumağa çalışır. Həm Fələstinin varlığını tanıyır, həm də İsrailə qarşı hər hansı beynəlxalq təzyiqlərə qoşulmur".
Zeynəb Mustafazadə