“Ermənistan sülh danışıqlarını yubatmağa çalışır, amma Azərbaycan...” – ÖZƏL

Son günlərdə  Ermənistan silahlı qüvvələrinin mövqelərimizi müxtəlif istiqamətlərdən atəşə tutması regional sülhə və davam edən danışıqlara hansı təsirləri göstərə bilər? Ermənistanın ikili siyasətinin əsas məqsədi nədir?

"Ermənistanın özündəki revanşist qüvvələr, eyni zamanda kilsə və lobbi maksimum səy göstərirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasın".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu deyib:

"Eyni zamanda, bölgədə geosiyasi maraqları olan qlobal güclər də sülh prosesinin uğurla davam etdirilməsində maraqlı deyil. Çünki belə olacağı halda bölgədə sabitlik təmin olunacaq və bölgədə geosiyasi maraqlarını təmin etməyə çalışan müxtəlif güclər, eyni zamanda böyük dövlətlər qarşısında əsaslar yarada bilməyəcəklər. Ona görə də  Azərbaycanla Ermənistan arasındakı hazırda status-kvonun davam etməsində və eyni zamanda yeni eskalasiya risklərinin yaranmasında maraqlı olan qüvvələr var. Təəssüflər olsun ki, məhz buna görə də Ermənistanla  Azərbaycan arasında sülh danışıqlarında konkret nəticə əldə etmək mümkün deyil".

Ə.Zülfüqaroğlu əlavə edib ki, Ermənistan atəşkəsin pozulması və təxribatlarla sülh danışıqlarını yubatmağa çalışır, amma Azərbaycan sülhü təmin etməkdə qərarlıdır.

"Son zamanlar biz  Ermənistan tərəfindən atəşkəsin pozulmasını və müxtəlif təxribat xarakterli fəaliyyətlərin aparılmasını müşahidə edirik. Bu da təbii ki, Azərbaycanla  Ermənistan arasında daha gərgin bir vəziyyətin yaranmasına və davam etməsinə səbəb ola bilər. Təbii ki, Ermənistan Azərbaycanın təzyiqlərindən də ehtiyat edir. Amma buna rəğmən, müxtəlif manevrlər və manipulyasiyalar etməklə sülh danışıqları prosesini yubatmaq və gələcək perspektivi  hesablamaq üçün uyğun geosiyasi zəminin yaranmasına ümid edir və buna görə də maksimum səy göstərir ki, Azərbaycanın şərtlərini qəbul etməsin. Beləliklə, bölgədə geosiyasi maraqları olan dövlətlərin dəstəyindən istifadə edərək öz niyyətlərini həyata keçirə bilsin. Hesab edirəm ki, bu faktorlar son zamanlar atəşkəsin pozulması hallarının baş verməsinin arxasında dayanır və istənilən halda Ermənistanın yürüdəcəyi siyasi xəttdən asılı olmayaraq, Azərbaycan bütün imkanlara sahibdir ki, Ermənistanı gec-tez sülhə məcbur edə bilsin".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31