Ermənistanın ətraf mühitə zərəri ekoloji fəlakətlərə yol aça bilər- ÖZƏL
10 Aprel 18:17 SiyasətErmənistanın transsərhəd çaylarını, xüsusilə Araz çayını çirkləndirməsi, regionda su təhlükəsizliyi və ekoloji vəziyyətlə bağlı ciddi narahatlıqlar doğurur. Bu vəziyyət yalnız Azərbaycanın ətraf mühitinə deyil, həm də regional əməkdaşlığa mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Ermənistanın ətraf mühitə zərəri ekoloji fəlakətlərə yol aça bilər:
"Ermənistan tərəfinin ətraf mühitə, tək Ermənistana deyil qonşu ölkələrə də zərər verməsi addımları birinci dəfə deyil. Belə davam edərsə sonuncu da olmayacaq.
Bundan əvvəl Ermənistan Qarabağı işğal edərkən də həm Araz çayına, həm də Qarabağdan axan digər çayları da çirkləndirirdilər. Sevan gölü deyirlər, bizim tarixi Göyçə gölümüzü ekoloji cəhətdən tamamilə məhv ediblər deyə bilərik. Bundan başqa çayları, suları çirkləndirməklə də bu problemlər bitmir. Ermənistanın böyük elektrik stansiyası var ki, o təkcə oranı radiasiyada saxlamır, elə Azərbaycanın, İranın Türkiyənin müxtəlif bölgələrini risk altında saxlayır. Yəni, bütün bunların təsirində pozucu erməni fəaliyyəti var. Bunun qarşısı alınmalıdır. Təkcə təbiəti qorumaq üçün yox, həm də bu özbaşınalıqlar bir müddət sonra səbirin tükənməsinə və ciddi fəlakətlərə səbəb ola bilər. İran ola bilər ki, öz maraqlarına görə səssiz qalacaq, amma Azərbaycan və Türkiyə tərəfi həm xalqına, həm təbiətinə təhlükə olan hadisələrə sona qədər dözə bilməz. Ətraf mühitin çikləndirilməsi , xüsusən qlobal istiləşməyə getdiyimiz bir zamanda çox ciddi ekoloji fəlakətə səbəb ola bilər. Azərbaycan tərəfi indi beynəlxalq vasitələrlə Ermənistanın bu davranışlarına bir iddia qaldıra bilər və bu addımlara son verilməsi istiqamətində bir nəticəyə gələ bilər. Bu olduqdan sonra inanmıram ki, bu addımları Ermənistan sonlandırsın. Çünki 30 ilə yaxın bir müddətdə böyük bir ərazini işğalda saxlayan bir ölkədən danışırıq. Belə halda Azərbaycan daha sərt tədbirlər görə bilər və görməlidir. Çünki təbiəti qorumalıyıq. Təbiət təkcə bizim, bir xalqın, qrupun deyil, ümumibəşəridir. Bu dəyərləri qorumalıyıq ki, nə biz nə də digər millətlər bundan zərər görməsin".
Zeynəb Mustafazadə