31 Mart soyqırımı cinayətləri xüsusi qəddarlıqla törədilib- ÖZƏL
1 Aprel 2025 11:58 Siyasət"Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş soyqırımıdır. Bu qanlı hadisələr milli kimliyə, etnik və dini mənsubiyyətə görə həyata keçirilmiş və miqyasına görə bəşəriyyətə qarşı cinayət xarakteri daşımışdır. Erməni millətçiləri "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək məqsədilə dinc insanlara qarşı kütləvi qırğınlar törətmiş, tarixi torpaqlarımızda etnik təmizləmə siyasəti həyata keçirmişlər".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və "Daşnaksutyun" partiyasının silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı planlı şəkildə törədilən soyqırımı Bakını və digər bölgələri əhatə etmişdir. Xüsusilə Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran, Salyan və Naxçıvanda minlərlə insan qətlə yetirilmiş, kəndlər və qəsəbələr yerlə bir edilmişdir.
Belə ki, Şamaxıda 120 kənddən 86-sı tamamilə dağıdılmış, 14-16 min insan amansızlıqla qətlə yetirilmişdir. Erməni silahlı dəstələri qadın, uşaq və yaşlı insanlara rəhm etməmiş, kəndlər yandırılmışdır. Qubada isə tapılan kütləvi məzarlıqlar soyqırımın miqyasını təsdiqləyən əsas dəlillərdəndir. Burada 4000-dən çox insan öldürülmüş, 2750 ev yandırılmış və 122 kənd məhv edilmişdir. Tarixi araşdırmalar zamanı qurbanların kəllə sümüklərində mismar izlərinin tapılması bu cinayətlərin xüsusi qəddarlıqla törədildiyini göstərir.
İrəvan quberniyasında 1918-ci ilə qədər azərbaycanlıların yaşadığı 198 kənd darmadağın edilmiş, sakinləri isə vəhşicəsinə qətlə yetirilmişdir. Zəngəzur bölgəsində də erməni silahlı dəstələri etnik təmizləmə siyasəti həyata keçirmiş, tarixi-mədəni abidələrə qarşı vandalizm aktları törədilmişdir. Bu ərazilərdə azərbaycanlıların yaşadığı yüzlərlə kənd tamamilə boşaldılmış və yer üzündən silinmişdir".