Prezident İlham Əliyevin nitqi dünyada yaranmış ağır şəraitdən çıxış yollarını göstərir -Özəl

"Qarşıdurmaların, münaqişələrin və müharibələrin artdığı dünyamızda hamının ortaq maraqları naminə fikir mübadiləsinə, dialoqa, çıxış yollarının axtarılmasına daha çox ehtiyac vardır. Belə bir mürəkkəb şəraitdə Azərbaycan dövləti nümunə göstərərək müzakirələr üçün mərkəzə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "2000-dən artıq iştirakçının, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağın iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin nitqi Azərbaycan xalqının töhfəsini və dünyada yaranmış ağır şəraitdən çıxış yollarını göstərir.
     Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda vacib rol oynaması coğrafi mövqeyi, Avropa ilə Asiya arasında yerləşməsi, mədəniyyət körpüsü olması və xalqımızın həyat tərzi ilə bağlıdır. Dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub. Bütün etnik qrupların və dinlərin nümayəndələri milli ideya ətrafında birləşərək Azərbaycan ərazilərini işğalçılardan azad etdilər. Bu qələbə milli birliyi daha da möhkəmləndirdi.
       Hansı sistemdə və ideologiyada   yaşamasından asılı olmayaraq Azərbaycan xalqı daim dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlayıb. Müstəqillik illərində onlar daha da güclənib. Azərbaycanda hər hansı daxili risklər yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Bu da bütün vətəndaşlardan ayıq-sayıq olmağı tələb edir.
      Tarix boyu müharibələrin nəticələri danışıqlar masası arxasında başa çatıb. Ona görə də müharibə aparan və ona necə son qoyacaqlarını bilməyən tərəflər Azərbaycanın təcrübəsindən öyrənə bilərlər. Azərbaycan böyük bir məktəbdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31