Türk Mədəniyyəti və İrsi Fondu “Qazax ədəbiyyatı tarixi” kitabını təqdim edib

26 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun "Türk dünyasının elmi inciləri" kitab seriyasından növbəti nəşri və filologiya elmləri doktoru, professor Nizami Tağısoyun müəllifi olduğu "Qazax ədəbiyyatı tarixi" kitabının təqdimatı keçirilib.
 
"Qazax ədəbiyyatı tarixi" kitabı ədəbiyyatşünaslar, türkoloqlar, müqayisəli ədəbiyyat tədqiqatçıları, ali təhsil müəssisələrinin tələbələri, magistrantları və doktorantları, eləcə də qazax xalqının bədii-estetik irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin moderatorluğu ilə keçirilən təqdimat mərasimində  Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, kitabın müəllifi Nizami Tağısoy, Azərbaycan Dillər Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, akademik Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxış edərək nəşrin elmi və ədəbi əhəmiyyətindən bəhs ediblər.
Açılış nitqi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova nəşrin qazax ədəbiyyatının sistemli şəkildə öyrənilməsi və Türk dünyasının ortaq ədəbi-mədəni irsinin təbliği baxımından vacibliyini vurğulayıb.
Aktotı Raimkulova qeyd edib ki, professor Nizami Tağısoyun müəllifi olduğu "Qazax ədəbiyyatı tarixi" kitabında qazax xalqının ədəbiyyat tarixi və görkəmli söz ustalarının həyat və yaradıcılığı qədim dövrlərdən müasir günümüzədək ardıcıl şəkildə araşdırılır. Nəşrdə, həmçinin qazax mədəni düşüncəsinin müxtəlif aspektləri, jırau və akın yaradıcılığı sistemli və konseptual şəkildə təqdim olunur.
Fondun prezidenti belə elmi nəşrlərin türk xalqlarının ədəbiyyat tarixinin daha dərindən öyrənilməsi üçün mühüm mənbə olduğunu diqqətə çatdırıb.
Kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin 40 illik elmi əməyinə ehtiramını ifadə edən Fondun prezidenti nəşrin işıq üzü görməsi münasibətilə Nizami Tağısoya təbriklərini çatdırıb. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondu adından Nizami Tağısoya qazax xalqının milli geyimi olan çapan hədiyyə edilib.
Kitabın müəllifi, professor Nizami Tağısoy çıxışında nəşrin məzmunu, elmi məqsədi və əsas tədqiqat istiqamətləri barədə məlumat verib. O, qazax ədəbiyyatının tarixi inkişaf mərhələlərinin, görkəmli nümayəndələrinin yaradıcılığının və xalqın bədii-estetik düşüncəsinin öyrənilməsinin əhəmiyyətinə toxunub.
Tədbirin bədii hissəsində Serik Nurmoldayev və Jadra Musrepovanın ifasında dombra və jetigen alətlərinin müşayiəti ilə qazax musiqi nümunələri səsləndirilib.
Tədbirin sonunda iştirakçılara müəllifin imzası ilə yeni nəşr təqdim olunub və xatirə fotoları çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31