Ermənistan doğrudanmı sülh istəyir?- ÖZƏL

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bəyan ediblər. "Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", deyə  xarici işlər  naziri  Ceyhun Bayramov qeyd edib: Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, sülh sazişi imzalanmağa hazırdır. "Ermənistan Respublikası sazişin imzalanması tarixləri və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır". Xatıladaq ki, Sülh sazişi layihəsi 17 maddədən ibarətdir. Maraqlıdır, Ermənistanın hazırda atdığı addımlar fonunda Sülh Sazişinin imzalanması mümkündürmü? "Olaylar"ın xəbərinə görə, politoloq Zaur Məmmədov bildirib ki, Ermənistan əgər sülh istəyirsə, o zaman aşağıda göstərilən addımları niyə atır: "Ermənistan hökuməti 1 aprel - 13 iyun 2025-ci il tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Bu toplanış rekord müddətdə - tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir. İkinci, şərti sərhədlərdə  istehkamların qazılması və mövqelərin möhkəmləndirilməsidir. Peykdən  çəkilən  görüntülərə əsasən, Ermənistan sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirir. Bu gün Naxçıvan MR istiqamətində də erməni ordusunun istehkamlar qazdığı məlum oldu. Hərbi texniki resursların artırılması məsələsi də var ki, son vaxtlar dronların alınması diqqəti çəkir. 2024-cü ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri əsas diqqətini pilotsuz texnologiyalara yönəldir. Son 3 gündə mütəmadi olaraq ordumuz istiqamətində atəş açılır". 
Bəs Paşinyana müharibə niyə lazım ola bilər? Politoloq qeyd edib ki, buna seçkiqabağı vəziyyət və Rusiyapərəst müxalif qüvvələrin  fəallaşması səbəb ola bilər: "Ermənistan cəmiyyətində və müxalifət dairələrində 2020-ci ildəki Qarabağ məğlubiyyətdə onu günahlandıranlar mövcuddur. Son zamanlar müxalifət partiyaları aktivləşməkdə davam edir. Qarşıda seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ataraq şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmağı istəyə bilər. Digər məsələ ictimai dəstək qazanmaqdır. Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir. Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa bilər, eyni zamanda bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoya bilər. Digər tərəfdən, unutmayaq ki, hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir. Hazırda husilərə qarşı ABŞ ordusu tərəfindən avia zərbələrin endirilməsi, İsrail - Qəzza- Livan- Misir kommunikasiya xəttindəki məlum proseslər, Rusiya və Ukrayna arasındakı müharibə, Suveyş kanalı və Panama kanalları ətrafında gərginliklər onu göstərir ki, yollar uğrunda müharibələrə start veriliib və bütün bunlar  Cənubi Qafqaz üçün də bir sıra çağırışlar vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31