İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin -  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.
Komitə sədri Azərbaycanın Vənət müharibəsində qələbəsindən sonra hər bir ölkə vətəndaşının ən ali hüququ olan dogma torpaqlarında yaşamaq və suveren hüquqlarını gerçəkləşdirmək haqqının məruzədə öz əksini tapdığını bildirib. Qeyd olunub ki, Konstitusiyada və qanunlarımızda təsbit olunan fundamental dəyərlərin, beynəlxalq hüquq və prinsiplərin həyata keçirilməsinə imkan verən bu Zəfər torpaqlarımızın uzun illər ərzində işğalı nəticəsində yaranan problemlərin aradan qaldırılmasını təmin edir. 
Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin 2024-cü il üzrə məruzəsi ilə bağlı fikirlərini açıqlayaraq diqqətə çatdırıb ki, sənəddə ötən il Ombudsmanın ünvanına vədəndaşlardan 29371 müraciətin daxil olduğu əks olunub. Qeyd edib ki, qaldırılan məsələlərin əhatə etdiyi sahələr, qoyulan tələblər mahiyyətcə, keçmiş dövrün problemlərindən fərqlənir. O, habelə, 916 çağrı mərkəzinə il ərzində 11008 müraciətin daxil olduğunu da deyib. 
Bildirilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədən mənzil fondu ilə bağlı məsələlər - əmlak alqı-satqısı, qeydiyyatla bağlı məqamlar yer alıb. 
Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan vətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsinin diqqətdə saxladığı qeyd olunub.
Nəzərə çatdırılıb ki, milli preventiv mexanizm çərçivəsində ombudsman institutu tərəfindən mövcud vəziyyətin öyrənilməsi üçün ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirilib.
Komitə sədri İnsan hüquqları üzrə müvəkkilin penitensiar müəssisələrdə durumla bağlı daim təkliflər irəli sürdüyünü deyib. O, həmçinin azadlıqdan məhrumetməyə alternativ tədbirlərin əhəmiyyətini qeyd edərək, bu barədə məlumatların da göstərilməsinin vacibliyi söyləyib. 
Məruzədə narkoloqlar və klinik psixoloqların azlığı məsələsinin yer aldığı və bununla bağlı bəzi çətinliklərin olduğu qeyd edilib.
Boşanmalar məsələsinə toxunan Zahid Oruc Aliment Fondunun yaradılmasının önəmindən də danışıb. 
Məruzədə sosial hüquqlar sahəsində, o cümlədən ünvanlı yardım ala bilməyən şəxslərin müraciətlərinə, digər şikayətlərə baxılması ilə əlaqədar məlumatların əks olunduğu söylənilib. Bu istiqamətdə iş yerlərinin yaradılması, investisiya mühitinin formalaşdırılmasının əhəmiyyətindən bəhs edilib. 
Sənədə Qərbi Azərbaycana qayıdış məsələsinin daxil edildiyi, beynəlxalq əməkdaşlıq sahəsində İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti barədə ətraflı məlumat verildiyi vurğulanıb. Bildirilib ki, məruzədə, həmçinin, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq barədə geniş söhbət açılır. Bununla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin olunması, hüquq pozuntularının qarşısının alınması, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələr öz əksini tapıb.
İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı illik məruzə barədə məlumat verib. O, ombudsmanın öz fəaliyyətini şəffaf şəkildə həyata keçirdiyini, ombudsmana müraciət imkanlarının geniş olduğunu söyləyib.
Aparat rəhbəri vətəndaşların seçki hüququnun təminatı ilə bağlı ötən il keçirilmiş  növbədənkənar Prezident və parlament seçkilərində ombudsman institutu tərəfindən yerlərdə maarifləndirmə işinin aparıldığını vurğulayıb. 
O, daxil olan müraciətlərdə yaşayış yeri olmayan şəxslərin qeydiyyatı ilə bağlı  problemlərdən bəhs edildiyini, onların həlli istiqamətdə görülən işlərdən söhbət açıb. Mənzil sahələrinin özəlləşdirilməsi məsələsinin diqqətdə saxlanıldığını deyib.
Məruzədə, habelə cəzaların icrası ilə əlaqədar məhkumların öz ailə üzvləri ilə görüşmək sahəsində bəzi çətinliklərlə üzləşdiyi qeyd edilib və bununla bağlı təkliflər irəli sürülüb.
Bildirilib ki, sənəddə şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, ölkədən çıxışa qoyulmuş məhdudiyyətlərin götürülməsi kimi məsələlər də yer alıb və bu sahədə  hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb. 
Nəzərə çatdırılıb ki, illik məruzədə məhkəmə qərarların icrası, o cümlədən alimentlə bağlı qərarların icrasında yaranan çətinliklər, Aliment Fondunun yaradılmasının zəruriliyi, hüquqi yardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub. Bununla yanaşı, icbari tibbi sığorta ilə əlaqədar məsələdə xidmətlər zərfininin artırılması təklif olunur.  Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğu qeyd edilir. Habelə, vurğulanıb ki, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi, onların qayıdış hüququnun təmin olunması ilə bağlı məsələ daim gündəmdə saxlanılır, mütəmadi olaraq tədbirlər keçirilir.
Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Hikmət Məmmədov, Naqif Həmzəyev, Elman Nəsirov, Razi Nurullayev, Azər Allahverənov, Sevil Mikayılova, Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, habelə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, "Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni öz fikirlərini bölüşüblər.
Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edilib, bir sıra təkliflər səsləndirilib. 
Parlamentin İnsan hüquları komitəsinin sədri Zahid Oruc və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı səsləndirilən fikirlərə münasibət bildiriblər.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi qənaətbəxş hesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitənin üzvləri Tural Gəncəliyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı, Mübariz Qurbanlı, Səyyad Salahlı, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31