ABŞ-nin Ukraynaya yardımını dayandırmasının təsirləri– ÖZƏL

"ABŞ-də istər Konqres tərəfindən, istərsə də Pentaqondan Ukraynaya yardımın dayandırılmasına qarşı etirazlar təbii ki olacaq. Çünki Ukraynaya yardımın kəsilməsi ABŞ-nin indiyə qədər apardığı xarici siyasətlə daban-dabana ziddiyyət təşkil edir. Belə bir qərarın qəbulu təkcə Ukrayna üçün deyil Avropa üçün də xoşagəlməz haldır. ABŞ hər zaman Avropa İttifaqının təhlükəsizliyində əsas oyunçu olub və indi Ukraynaya yardımın kəsilməsi Avropanı öz üzərinə daha çox məsuliyyət götürməyə məcbur edəcək". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni, Ukraynaya daha çox silah və hətta qoşun göndərilməsi məsələləri ortaya çıxır. Tramp isə Avropanın bu addımlarına qarşı Avropa İttifaqı ərazisində olan və indiyə qədər Avropanın təhlükəsizliyinə töhfə verən qoşunları belə geri çağırmağı düşünür.
Belə olan halda Avropa İttifaqı ABŞ ilə münasibətləri yenidən baxmaq məcburiyyətində qalacaq. İndiyə qədər ABŞ-nin çətiri altında olaraq Ağ evdən gələn direktivləri icra etmək məcburiyyətində qalan Avropa ölkələri artıq həmin çətirin etibarlı olmadığını gördükləri üçün müstəqil addımlar atmağa başlayacaq ki, bu da ABŞ-nin özü üçün arzuolunan deyil. Odur ki, ABŞ daxilində etirazlar təbii ki olacaq.
Konkret hərbi sənaye kompleksi və onun lobbiçilərinə gəldikdə isə Ukraynaya yardımın dayandırılmasının onlar üçün elə bir problem yaratmayacağı qənaətindəyəm. Birincisi ona görə ki, ABŞ İsrailə silah satışını intensivləşdirib və İsrailə göndərmək üçün daha çox sifarişlər olacaq, ikincisi isə Ukraynaya yardımı davam etdirmək fikrində olan ayrı-ayrı Avropa ölkələri həmin silahın bir qismini ABŞ-dən tədarük etmək məcburiyyətində olacaqlar. Çünki daxili istehsal həm öz tələbatlarını, həm də Ukraynanın tələbatlarını ödəmək gücündə deyil. Buraya artıq ABŞ-nin etibarlı tərəfdaş olmadığını bəyan edən Avropa ölkələrinin indi öz təhlükəsizliklərini təmin etmək üçün əlavə silah və texnikaya ehtiyac duyduğunu və bu texnika və silahın da ABŞ-nin silah istehsalçılarından tədarük ediləcəyini nəzərə alsaq ABŞ hərbi sənaye kompleksinin əksinə daha çox silah satacağını deyə bilərik. Odur ki, onların Ukraynaya yardımın dayandırılmasından əziyyət çəkəcəklərini düşünmürəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31