Ermənistan siyasəti şantajdan ibarətdir-Tofiq Abbasov- ÖZƏL
3 Mart 17:38 SiyasətErmənistan Rusiya sərhədçilərini çıxararaq sərhədlərinə nəzarəti öz üzərinə götürür. Bu proses əvvəlcə İran sərhədindən, indi isə Türkiyə sərhədindən başlayıb. Ekspertlər bunun Qərbin Ermənistan sərhədində möhkəmlənməsinin başlanğıcı ola biləcəyini bildirirlər. Eyni zamanda, Ermənistanın hərbi büdcəsini artırması, Fransanın hərbi təsirinin yüksəlməsi və Avropa İttifaqı missiyasının sərhəddə yerləşdirilməsi rəsmi İrəvanın mümkün müharibəyə hazırlaşdığını göstərir. Fransa Afrikadakı mövqelərini itirdiyi üçün regionda Ermənistan vasitəsilə təsirini artırmağa çalışır. Azərbaycan isə bu prosesləri diqqətlə izləyir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Ermənistan siyasəti sırf şantajdan ibarətdir:
"Rusiya- Ermənistan çəkişməsi demək olar ki, həlledici fazaya yaxındır. Bilirik ki, Ermənistanın siyasəti sırf şantajdan ibarətdir. Qərbə deyir ki, mən Rusiyadan ayrılıram, siz məni qarşılamalısınız, Rusiyanı hədələyir ki, bəs mən səndən uzaqlaşıram, sən mənim qədrimi bilmədin, müharibədə Azərbaycanla bağlı bizi dəstəkləmədin və s. Bu, sözün əsl mənasında bacarıqsız, yarıtmaz oyunçunun dəsti-xəttidir və ona görə də indi sərhəd məsələsi uzanır. Çox güman ki, onlar sərhəddi tərk edəcəklər. Ancaq Ermənistanın burda qazancı nə ola bilər? Ermənistan ilk növbədə xarici siyasətini , geosiyasi vektorunu müəyyən etməli, bilmədir ki, kiminlədir, hədəfləri nədən ibarətdir. Bu porseslərdə müəmmalı məqamların sayı həddən artıq çoxdur. Zahiri görünüşdə yenilik etmək bir şeydir, amma mahiyyət etibari ilə davam etmək, hədəfləri müəyyən etmək, onlara aid baza yaratmaq bu tam başqadır. Biz Ermənistanın timsalında ciddi geosiyasi subyekti görmürük. Burada Avropa İttifaqının müəyyən rolu var. Ermənistan haqqında danışılan mövzuların hamısı Ukrayna mövzusu ilə bağlılıq yaradır. Ukraynanın indiki vəziyyətini görürük. Ölkənin özünün sağ sektorunun ucbatından 2010-cu ildən bəri Ukraynanı silkələməyə başladılar. Gürcüstanda da bu prosesi gördük. Vətəndaş qarşıdurması yüksək nöqtəyə qalxdı. Burda hakim dairələr, idarə edən elitalar gərək ki, qətiyyətli olsunlar. Ukraynanı belə oda salıb, hər tərəfdən sarsıtdılar.
Ermənistan da indi Avropa İttifaqının yedəyində oturub elə bilir ki, Avropa İttifaqı onun yanında olacaq, dəstək olub yedizdirib, içizdirəcək. Bunlar hamısı xülyadır. Avropa İttifaqı, Vaşinqton belə Ermənistana dəstək olmayacaq, problemlərini həll etməyəcək. Problemləri gərək xalq, cəmiyyət özü etsin. Əgər "Avropa bizim yükümüzü daşıyacaq" deyirlərsə, bu olmayacaq. Heç vaxt Avropa kiminsə yükünü daşımayıb, əksinə öz yükünü həmişə başqalarına daşıdıb. Ona görə də indi sərhədləri çıxarırlar. Sərhədləri qoruya biləcəklər, amma ölkənin müqəddəratını həll edən onun həyata keçirtdiyi siyasi xətt, kurs olmalıdır. Elə başa düşürəm ki, hələ Paşinyan özü də bilmir ki, o nə etməlidir. Məsələ o yerdədir ki, ixtiyarı verib xarici qüvvələrə, onlar da hər gün nağıl söyləyirlər. Özləri də mifləri yaradıb nəticələrinə inanan xalq olduqlarından, onun təsiri altına düşürlər.
Nəticədə görürük ki , bu ölkənin subyektliyi gündən-günə əriyir . İnanmıam ki, Ermənistan üçün bütün bu gedişlər hamısı bir çıxış yolu versin. Sərhədçilərinin çıxması o deməkdir ki, yəni Ermənistanın təhlükəsizlik məsələlərini Rusiya və KTMT öz əlində götürüb. Madam ki, Ermənistan imtina edir, gərək bu yükün öhdəsindən özü gəlsin, indi onu bacaracaqmı ya bacarmayacaqmı bu ikinci məsələdir. Amma hər-halda düşünürəm Ermənistan qərbə inteqrasiyanı elan etməklə , Avropa İttifaqının qondarma vətəndaş müşahidə missiyasını ölkəyə gətirməklə özü özlərinə quyu qazır".
Zeynəb Mustafazadə