Xəyal Bəşirov: "ABŞ-nin dəstəyi olmasa, nə masada, nə də döyüş meydanında güclü Ukrayna olar" – ÖZƏL

Fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdə gərginlik yaşanıb. Görüşün sonunda Ukraynanın təbii ehtiyatlarının ABŞ tərəfindən istifadəsini təsdiqləyən saziş gözlənilirdi, lakin görüşdəki gərginlik sənədin imzalanmasına mane olub. Trampın Zelenskinin liderliyini "diktator" adlandırması müzakirələrin gərginləşməsinə səbəb olub. Görüşdən sonra Tramp Ukraynaya silah tədarükünü dayandırmaq barədə tapşırıq verib, bu isə müharibənin taleyini dəyişə bilər. Ukrayna alternativ silah mənbələri axtarmağa başlayıb və Avropadan müdafiə sistemləri alacağı gözlənilir. Lakin ABŞ-nin hərbi sənaye kompleksi üçün Ukraynaya silah tədarükündən imtina etmək çətin olacaq.

Trampın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı, həm müharibənin taleyinə, həm də ABŞ daxilindəki siyasi proseslərə necə təsir edə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlama verib:

"Donald Trampın fevralın 28-də Ukrayna və Zelenski üçün "Qara Cümə" kimi tarixə düşən həmin qəbulu zamanı səsləndirilən fikirlər əslində gözlənilən idi. Ümumiyyətlə, orada həmin sazişin imzalanmayacağı və Donald Trampla Zelenski arasında gərginliyin olacağı o günə qədər baş verən proseslərin məntiqi ardıcıllığı kimi gözlənilən idi. Nəyə görə? Çünki Donald Tramp həm seçki öncəsi verdiyi vədlərə uyğun olaraq, həm seçkidən sonra inaqurasiya mərasimi zamanı və daha sonra səlahiyyətlərinə başladıqdan sonra dəfələrlə səsləndirdiyi bəyanatlara uyğun olaraq, Ukraynaya ayrılan yardımların müqəddəratı ilə bağlı suallar və eyni zamanda Amerikanın Ukraynanın təhlükəsizlik prosesində iştirak etməyəcəyi, həm də vitse prezident Devid Vensin Münhendə səsləndirdiyi fikirlər və açıq şəkildə Zelenskini və hazırkı Ukrayna hakimiyyətini ittiham etməsi, Avropanı ittiham etməsi, Avropanın siyasəti ilə ABŞ siyasəti arasındakı uçurumu dilə gətirməsi və daha sonra  ABŞ-nin Müdafiə naziri Pit Heqsetin Brüsseldə səsləndirdiyi fikirlər bu prosesi onsuz da gözlənilən etmişdi. Prosesləri ciddi izləyən şəxslər bilirdilər ki, Volodimir Zelenskinin Ağ Evə getməsi heç də ciddi nəticə ortaya qoymayacaq və hətta baxmayaraq ki, ondan öncə Donald Trampla görüşə Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Kir Starmer getmişdilər. Onlar da Donald Trampın mövqeyini artıq bilirdilər və bunu Zelenski ilə yəqin ki, bölüşmüşdülər. Burada proses Zelenskinin ora göndərilməsi ilə bağlı idi. Avropada baş verən proseslərdən kənarda qalmaq istəmir. Ukrayna hər hansı bir formada Rusiya ilə razılaşmanın əldə edilməsindən sonra Ukraynanın bölüşdürülməsi prosesində Avropa kənarda qalmaq istəmir".

Siyasi şərhçi bildirib ki, Donald Trampın Zelenskini "seçkisiz diktator" adlandırması və ABŞ-nin Ukraynaya silah yardımını dayandırmaq ehtimalı Avropanın təhlükəsizlik narahatlıqlarını artırıb.

"Donald Tramp bundan öncə də Zelenskini "diktator" adlandırırdı. Təkcə "diktator" deyil, "seçkisiz diktator" adlandırırdı və onu seçkiləri keçirməyə çağırırdı. Baxmayaraq ki, həm də vurğulayırdı ki, onun reytinqi ölkədə dörd faizə düşüb. Donald Tramp və Zelenski arasında Ağ Evdə keçiriləcək görüş çox gərgin notlarla davam edəcək. Hazırkı mərhələdə ABŞ-nin Ukraynaya silah verməməsi müharibənin taleyini həll edəcək. Avropa nə qədər Ukraynaya dəstək verəcəyini dilə gətirsə də, Avropanın özü özünün təhlükəsizliyinə görə narahatdır və "soyuq müharibə" dönəmindən başlayaraq, bu günə qədər öz təhlükəsizliklərinin qarantoru kimi ABŞ-ni hesab edirlər və ABŞ-ni hesab etmələri ondan xəbər verir ki, onlar özlərinin təhlükəsizliyinə əminlik verə bilmirlərsə, Ukraynanın təhlükəsizliyinə necə əminlik verə bilərlər? Məhz ona görə idi ki, 28 fevralda keçirilən görüşdən dərhal sonra Londonda bir görüş təşkil edildi. Əslində bu görüşün öncədən nəticəsiz olacağı da bəlli idi".

Xəyal Bəşirov görüşdən sonrakı vəziyyəti və Avropanın mövqeyini də müxtəlif istiqamətlərdə təhlil edib.

"Bu görüşdə əldə edilən nəticələr nədir? 
Böyük Britaniya və Fransa bu prosesdə öz mövqelərini ortaya qoyublar. Onlar Ukrayna ilə bağlı əldə ediləcək razılaşmalarda iştirak etmək istəyirlər. Kir Starmer həmin görüşün nəticəsi olaraq hansı məsələlərlə bağlı əsas müzakirələrin aparılması məqamına toxundu və bildirdi ki, o görüşün əsas məqsədi döyüş meydanında güclü Ukrayna kimi, masada da güclü Ukrayna istəyirlər və eyni zamanda Avropanın Ukraynaya təhlükəsizlik təminatı və ABŞ-nin dəstəyi, yəni üçüncü məqam olmasa, ikinci məqam olmayacaq. İkinci məqam da olmasa, birinci məqam olmayacaq. Yəni bir-birindən asılı olan proseslərdir və yenə də bütün məqamlar ABŞ-yə dayanır. ABŞ-nin dəstəyi olmasa, nə masada güclü Ukrayna olar, nə döyüş meydanında güclü Ukrayna olar, nə də Avropanın hər hansı bir təhlükəsizlik təminatı olar. Elə görüşün adı da "Gələcəyimizin təhlükəsizliyi" adlı görüş idi. O görüşdən sonra Kir Starmer həm də o məqamı vurğuladı ki, Böyük Britaniya ilə Fransa bu prosesdə iştirak etmək istəyir, gələcəkdə Rusiya ilə Ukrayna arasında imzalanacaq sazişdən sonra Ukraynanın təhlükəsizliyi və orda xoşməramlı koalisiyadan söhbət gedir. Təbii ki, indi bu sülhməramlı koalisiya və yaxud xoşməramlı koalisiyanın müəyyənləşməsi və eyni zamanda NATO-nun bütün dövlətlərinin deyil, Böyük Britaniya və Fransadan başqa bir və yaxud iki dövlətin bu prosesdə iştirak edəcəyi ilə bağlı məsələ müzakirə edilir. Burada İtaliya iştirak edə bilər və ya ABŞ mane olmasa, Almaniya iştirak edə bilər və bütün bunlar onu göstərir ki, artıq Avropa da Rusiya ilə Ukrayna arasında sazişin imzalanmasına razıdır. Gedişat o qədər fərqli məcraya gəlib ki, artıq Rusiya ilə Ukrayna arasında münasibətlərin normallaşdırılmasından daha çox Avropa narahatdır. Onlar Zelenski ilə Vladimir Putin arasında münasibətlərin normallaşmasından daha çox, Zelenski ilə Donald Trampın münasibətlərindən narahatdılar. Bu məsələdə də ilk addımın Volodimir Zelenskinin atmalı olduğunu dilə gətirdilər. Yəni bütün proseslər göstərir ki, artıq həmin sazişin imzalanması real görünür.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin qərarları Ukrayna müharibəsinin gedişatına və Avropanın təhlükəsizliyinə birbaşa təsir edəcək.

"Sazişin imzalanmasından sonra artıq ABŞ-nin Ukraynanın Rusiya nəzarəti altında olmayan ərazilərində, əlvan metalların və digər təbii sərvətlərin istismar edilməsi prosesində iştirakı ABŞ  tərəfindən Ukraynaya veriləcək. ABŞ öz ordusunu mənasız və eyni zamanda lüzumsuz proseslərə cəlb etmək istəmir. Hətta təxminən 20000 nəfərlik ordusunu Avropadan çıxarmaq istəyir və bu proses növbəti problemləri Avropanın qarşısına qoyacaq. Bunlar sonrakı məsələdir. Hazırkı mərhələdə əgər razılaşma əldə olunmasa, ABŞ-nin Ukraynaya silah verməsinin dayandırılması prosesi Rusiya-Ukrayna müharibəsinin taleyini müəyyənləşdirəcək. Təbii ki, razılaşma olsa, artıq ABŞ-nin Ukraynaya silah verməsi ABŞ-nin daxilindəki prosesləri o qədər də təhlükəli etməyəcək. Artıq razılaşma olandan sonra Amerika Birləşmiş Ştatlarının əhalisi də, hansı ki, bu prosesə qarşı idilər, onların da müəyyən mənada prosesə yanaşması dəyişəcək. Əgər razılaşma olmayacaqsa, silah verməsinin dayandırılması təbii ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın xeyrinə vəziyyəti dəyişəcək. Buna Avropa ciddi təsir göstərə bilməyəcək. ABŞ daxilində baş verən proseslərə gəlincə isə, mən düşünmürəm ki, orada ciddi bir proses reallaşın. Çünki orada Ukrayna məsələlərinə həssaslıq nümayiş etdirən insanlardan daha çox ABŞ-nin özünün, onun əhalisinin vəziyyəti ilə bağlı narahat olan insanların sayı daha çoxdur. Ona görə də məhz Donald Trampa tarixdə bəlkə də nadir hallardan biri kimi çox yüksək səs çoxluğu ilə qazanmışdı. Bu ABŞ daxilində hər hansı bir ciddi gərginlik yaratmayacaq. Amma yaxın zamanlarda biz bu sazişin imzalanacağını görəcəyik. Bu da Rusiya-Ukrayna müharibəsinin, ən azından hazırkı mərhələsinin səngiyəcəyini ortaya qoyacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31