Kiyev hakimiyyəti özü belə ümidini itirib– ÖZƏL

Siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında Ukraynadakı vəziyyət və ölkənin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Bildirib ki, indiki məqamda Ukraynanın gələcəyi ilə bağlı müsbət fikirlər səsləndirmək çətin olsa da, tamamilə bədbinliyə qapılmaq da doğru deyil:

"Artıq 21-ci əsrdə yaşayırıq. Bu əsr 200-300 il öncəki dünya nizamları ilə eyni deyil. Beynəlxalq hüquq hər nə qədər işləməsə də, suverenlik, dövlətlərin toxunulmazlığı, xalqların öz müqəddəratını təyin etmə anlayışları var. Bütün bu anlayışlar içində güc faktoru hər nə qədər birinci faktor olsa da, bu qayda-qanunlarla müəyyən səpkidə hesablaşmalı olur. Ukrayna bir şər güclə mübarizə aparır. Öz suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qorumağa çalışır" - deyə o qeyd edib.

Ekspertin fikrincə, ABŞ-nin Ukraynaya verdiyi dəstək zəiflədikcə, ölkənin mübarizə əzmi də müəyyən qədər sarsılıb:

"Co Bayden dövründə Amerikadan birmənalı dəstək gəldiyi zaman Ukraynanın mübarizə əzminin daha tutarlı olduğunu görürdük. Trampın anidən Amerikanın xarici siyasət istiqamətini tam fərqli şəkilləndirməsi Ukraynada mübarizə əzminin müəyyən dərəcədə zəifləməsinə səbəb olub. Həm maddi-texniki çatışmazlıqlar məsələsi, həm Ukraynanın daxilində  Trampı dəstəkləyə biləcək bəzi qüvvələrin ön plana çıxması mərkəzi gücün bir növ parçalanmasına gətirib çıxara bilər" .

Ekspert hesab edir ki, Ukrayna ABŞ-nin həlledici dəstəyindən tamamilə məhrum olarsa, xarici siyasətində yeni tərəfdaşlar axtarmalı olacaq ki, bu da əlavə vaxt və enerji tələb edəcək.

"Ukraynanın gələcəyi ilə bağlı bədbin fikirlərə qapılmaq olar, çünki Ukrayna dövlət olaraq varlığını itirib dövlətlər arasında bölüşdürülməsə də, onun Rusiyanın işğal etdiyi əraziləri tamamilə azad edəcəyi böyük sual altındadır. Bəlkə də artıq Kiyev hakimiyyətinin özü belə bu ümidini itirib. Kiyev administrasiyası ABŞ-ni əvəzləyəcək çox sayda tərəfdaş toplayarsa, mübarizə əzmi davam edə bilər. Rusiyanın dünyəvi maraqlarından geri qaldığını görən Kreml hakimiyyəti Ukrayna ilə ortaq nöqtədə razılaşmaq məsələsinə isti baxa bilər" - deyə siyasi şərhçi fikrini tamamlayıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31