Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır - ÖZƏL

"Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçirilməsi mövqeyinə gəlibsə, bu, onun üçün müsbət mənada bir mütərəqqi irəliləyiş kimi qəbul oluna bilər".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Elə bizim də ciddi hədəflərimizdən biri Ermənistanda konstitusiyanın dəyişdirilməsindən ibarətdir. Aydın məsələdir ki, Konstitusiyanın dəyişdirilməsi üçün müəyyən referendum da keçirilməlidir. Ancaq burada məsələ sadəcə Ermənistanın konstitusiyasının dəyişilməsinə nail olmaqdan ibarət deyil. Ermənistan Konstitusiyasının hər cür dəyişməsi yox, onun məhz Azərbaycan üçün maraqlı olan prinsipial bir məsələni özündə əks etdirmək şərti ilə dəyişməsi hədəf olmalıdır. Yəni Ermənistan konstitusiyasından   Azərbaycana  və Türkiyəyə qarşı ərazi  və əsassız genosid iddiaları çıxarılmalıdır. Bu ərazi iddiaları xüsusilə o qədər ciddi məsələdir ki, o, həm Ermənistanın bu gün sülh sazişi imzalanmasına imkan verə bilməz, eyni zamanda, sülh sazişi imzalanandan sonra onun uzun müddət üçün möhkəm və davamlı qalmasını təmin edə bilməz. Ta o vaxta qədərki, ərazi iddialarını özündə ehtiva edən maddələr Konstitusiyadan çıxarılsın. Əgər Paşinyan Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən maddələrin Konstitusiyadan çıxarılmasını nəzərdə tutursa, bu, əlbəttə, təqdirəlayiq bir hadisədir. Amma sözün düzü, mən inanmıram ki, Paşinyan Konstitusiyanı məhz Azərbaycanla daimi sülhə imkan verəcək həddə qədər dəyişdirilməsində maraqlı olsun. Buna inanmıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31