“Aİ müşahidə missiyası hərbi xarakter daşıyır” – ÖZƏL

Siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətini və onun əsl məqsədini şərh edib.

O bildirib ki, bu missiya artıq mülki xarakterini itirib və əsasən hərbi məqsədlərə xidmət edir:

"Belə bir missiyanın nəinki tərkibinin genişləndirilməsinə, ümumiyyətlə yaradılmasına belə heç bir ehtiyac yox idi - nə indi, nə də əvvəllər. 2022-ci ilin dekabrından etibarən formalaşdırılmış bu təsisatın təxribat törətməyə hesablandığı əvvəlcədən də məlum idi. Odur ki, missiyanın rəhbəri Markus Ritterin bu qurumu Cənubi Qafqazda sabitliyə töhfə verən bir alət adlandırması cəfəngiyyatdan başqa bir şey deyil" - deyə o vurğulayıb.

Ekspertin fikrincə, Aİ müşahidə missiyası əsasən Ermənistan sərhədlərində kəşfiyyat məlumatlarının toplanması, sərhəd istiqamətində boşluqların müəyyən edilməsi və Ermənistanın həmin bölgədə möhkəmlənməsi üçün tövsiyələr verməklə məşğuldur.

"Bu missiya sadəcə Aİ-nin Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. Onun gələcəkdə hərbi missiyaya çevrilməsi istisna deyil. Müşahidəçilər zaman-zaman sərhəd istiqamətində hərəkət edərək məlumat toplayır, erməni silahlı qüvvələrinin möhkəmlənməsi üçün təqdimatlar hazırlayır. Bundan əlavə, Ermənistanı mümkün təxribatlara hazırlamaq və Azərbaycan cavab verdikdə bunu beynəlxalq arenada manipulyasiya etmək əsas hədəflərdən biridir" - deyə siyasi şərhçi əlavə edib.

Yusif Bağırzadənin sözlərinə görə, Aİ müşahidəçilərinin fəaliyyətinin bölgədəki insidentlərin azalması ilə əlaqələndirilməsi də yanlışdır:

"İnsidentlərin sayının azalması məhz Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirləri ilə bağlıdır. Ermənistan tərəfinin təxribat cəhdləri qətiyyətlə cavablandırıldığı üçün indi sərhəddə daha az insident baş verir. Yəni Aİ müşahidə missiyasının bununla heç bir əlaqəsi yoxdur" - deyə ekspert fikrini tamamlayıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31