Ankara Bəyannaməsi ittifaq öncəsi hazırlıq kimi xarakterizə edilə bilər

Yanvarın 29-da Türkiyənin Ankara şəhərində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü baş tutub. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib. Ümumiyyətlə, həm Özbəkistan, həm də Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan müttəfiqləridir. İki ölkə ilə bir çox sahədə yüksək səviyyədə münasibətlər var. Münasibətlər inkişaf etsə də mövcud geosiyasi vəziyyətdə sınaqdan keçə, pozulma cəhdlərinə məruz qala bilər. Məsələn, Türkiyə-Azərbaycan münasibətlərinin pozulması üçün yaxın zamanlarda kənar qüvvələrin cəhdləri oldu, lakin baş tutmadı. Özbəkistanla bənzər hal yaşanmasa da, Rusiya faktoru gələcəkdə bunun olma ehtimalını gücləndirir. Neqativ halların olmaması üçün üç ölkənin birlikdə hərəkət etməsi vacibdir.

Özbəkistan-Türkiyə-Azərbaycan müttəfiqliyi həm də Xəzər, Qara və Aralıq dənizləri regionlarının birləşməsi deməkdir. Bundan başqa, bu üçlüyün ortaq hərəkəti "Rəqəmsal İpək Yolu" və "yaşıl enerji ixracı" kimi təşəbbüslərin reallaşması anlamına gəlir.
C.Bayramov çıxışında Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi imkanlarından danışıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın dəstəyini təqdir edib. Bu həm də onu deməyə əsas verir ki, Bakı Orta Dəhlizin imkanlarını Özbəkistan və Türkiyə ilə bölüşmək, buranı tarixi türk qovşağına çevirmək istəyir.
Türkiyə-Azərbaycan-Özbəkistan üçlü gündəliyinə salınan digər məsələlər isə bunlardır:
1. Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafı;
2. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəs və ona riayət olunmasının əhəmiyyəti;
3. İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun şəkildə "iki dövlət prinsipi" əsasında həllini tapması;
4. Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsi;

Görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb. Bəyannamədə aşağıdakı məqamlar qeyd olunub:
1. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub;
2. İqisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd olunub;
4. Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb;
5. Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib;

Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" əsasında həllini tapmasının vacibliyi qeyd olunub.
Nəticə etibarilə Özbəkistan-Azərbaycan-Türkiyə əməkdaşlığı regionda formalaşan üçtərəfli ittifaqa çevrilir. Ankara Bəyannaməsi ittifaq öncəsi hazırlıq kimi xarakterizə edilə bilər. Bu baş tutarsa, gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq xartiya da qəbul edilə bilər.

 Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31