Sərhəddə Aİ missiyası: təhlükəsizlik addımı, yoxsa siyasi müşahidə?- ÖZƏL
17:08 Siyasət"Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan-Ermənistan münasibətlərində Vaşinqtonda əldə olunan razılaşmalardan və Azərbaycanın sülh təşəbbüslərini praktik şəkildə həyata keçirməsindən sonra əvvəlki aktuallığını itirib. Hazırda tərəflər arasında münasibətlər normallaşma mərhələsindədir və davamlı sülh üçün müəyyən zəmin formalaşır.
Belə olan halda Avropa İttifaqının sərhəd bölgəsində mövcudluğu hansı məqsədə xidmət edir? Mən hesab edirəm ki, bu missiya yalnız sülh və təhlükəsizlik məqsədləri ilə izah oluna bilməz. Hərçənd ki, missiya rəsmi olaraq "təhlükəsizliyin təmin edilməsi", "sərhəd bölgələrində etimadın artırılması" kimi təqdim olunur, mövcud reallıq fərqli mənzərə ortaya qoyur".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Hazırda bölgədə genişmiqyaslı hərbi qarşıdurma və ya aktiv toqquşma yoxdur. Bu halda sual yaranır: missiya kimi və hansı təhlükədən qorumağa çalışır? Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasət yürüdən dövlətdir. 2020-ci il Vətən müharibəsində ölkə öz prinsipial mövqeyini ortaya qoyaraq işğal altında olan ərazilərini azad etdi və heç bir başqa dövlətin torpağına qarşı ərazi iddiası irəli sürmədi.
Eyni zamanda, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkə ərazisində separatizmə son qoyuldu və suverenlik tam şəkildə bərpa edildi. Bu baxımdan Avropa İttifaqının missiyasının bölgədə ciddi təhlükəsizlik funksiyası daşıdığı barədə arqumentlər inandırıcı görünmür.
Düşünürəm ki, missiyanın əsas məqsədi daha çox geosiyasi maraqlarla bağlıdır. Xüsusilə Rusiyanın regiondakı təsirinin zəifləməsindən sonra Qərbin bölgədə mövcudluğunu artırmaq və müəyyən mənada yaranmış boşluğu doldurmaq cəhdi müşahidə olunur.
Bundan əlavə, missiyanın Azərbaycanın rəsmi razılığı olmadan sərhədə yerləşdirilməsi və fəaliyyət mexanizmlərinin tam şəffaf olmaması müxtəlif suallar doğurur. Onların fəaliyyətinin yalnız təhlükəsizlik məqsədi daşıdığı barədə iddialar inandırıcı görünmür. Bu missiyanın siyasi və ya kəşfiyyat xarakterli məlumat toplamaq məqsədlərinə də xidmət edə biləcəyi ilə bağlı ehtimallar mövcuddur.
Missiyanın mandat müddətinin uzadılması da göstərir ki, Avropa İttifaqı regionda uzunmüddətli iştirakını qorumağa çalışır. Halbuki Azərbaycan heç bir dövlətin diktəsi altında siyasət yürütmür və hesab edir ki, sülh prosesi tərəflər arasında birbaşa və konstruktiv danışıqlar yolu ilə həyata keçirilməlidir.
Diqqət çəkən məqamlardan biri də odur ki, Vaşinqtonda keçirilən görüşlərdə Avropa İttifaqı əsas iştirakçı kimi yer almadı. Bu isə Aİ-nin sülh prosesindən kənarda qalması görüntüsünü yaradır.
Əvvəllər ATƏT-in Minsk qrupunun həmsədrləri qismində Azərbaycan-Ermənistan münasibətlərində aktiv rol almağa çalışan tərəflər 30 il ərzində səmərəsiz fəaliyyətlərini faktiki olaraq bütün dünyaya nümayiş etdirdilər. Uzun illər aparılan vasitəçilik cəhdləri münaqişənin həllinə real töhfə vermədi. Bu baxımdan Azərbaycan üçün birtərəfli və nəticəsiz fəaliyyət göstərən platformalara ehtiyac yoxdur. Çünki həmin vasitəçilər bir çox hallarda balanslı mövqe sərgiləmək əvəzinə qarşı tərəfə daha çox siyasi dəstək göstərir, eyni zamanda, münaqişənin həllindən çox onun dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edirdilər. Bu vəziyyət isə təbii olaraq Ermənistanın maraqlarına uyğun idi.
Bu gün artıq ATƏT-in Minsk qrupu faktiki olaraq ləğv edilib və əvvəlki təsir imkanlarını tamamilə itirib. Məhz buna görə də bəzi beynəlxalq dairələrin Avropa İttifaqının missiyası və digər mexanizmlər vasitəsilə regionda mövcudluğunu qorumağa çalışdığı müşahidə olunur. Lakin Azərbaycan regionda xarici qüvvələrin geosiyasi rəqabət meydanı yaratmasının tərəfdarı deyil. Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda davamlı sabitlik və sülh yalnız region ölkələrinin qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan birbaşa dialoqu nəticəsində mümkün ola bilər".
Zeynəb Mustafazadə