Elçin Xalidbəyli: “Köçəryanın İran etirafı Tehranın işğalçıya gizli dəstəyinin rəsmi təsdiqidir” – ÖZƏL

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində eks-prezident Robert Köçəryan 44 günlük müharibə zamanı İranın Ermənistana silah daşınması üçün hava məkanını açan yeganə ölkə olduğunu etiraf edib. Köçəryan hazırda İran ətrafında artan gərginlik səbəbindən Tehranın NATO silahları üçün hava yolunu bağlayacağını, bunun isə Fransadan sursat gözləyən Ermənistanı çıxılmaz vəziyyətə salacağını bildirib. Bu açıqlama Tehranın işğalçı Ermənistana illərdir göstərdiyi gizli hərbi-logistik dəstəyin birbaşa təsdiqi kimi qiymətləndirilir. 

"İranın hər zaman Ermənistanı dəstəklədiyi heç kimə sirr deyil. 44 günlük müharibə dövründə də İran ərazisindən Ermənistana silah-sursat ötürüldüyü barədə iddialar səsləndirilirdi. Rusiya da Ermənistanın hərbi təchizatını məhz İran üzərindən reallaşdırırdı. Sonrakı mərhələlərdə isə İran müxtəlif "qırmızı cizgilər" iddiaları ilə Ermənistanı dəstəkləməyə davam etdi və Zəngəzur dəhlizinin açılmasına sərt şəkildə müqavimət göstərməyə çalışdı. Bütün bunlar onu göstərir ki, rəsmi Tehranın siyasətində Ermənistanın dəstəklənməsi prioritet istiqamətlərdən biridir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanda hakimiyyətə iddialı olan revanşist qüvvələr də bu faktoru qabartmaqda maraqlıdırlar. Əsas məqsəd Azərbaycan və İran arasında ziddiyyətləri daha da dərinləşdirməkdir. Rusiyanın agentura şəbəkəsinə daxil olan Köçəryan-Sarkisyan cütlüyü və onları dəstəkləyən "Qarabağ klanı" hazırda növbəti parlament seçkilərində hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün variantlardan istifadə etməyə çalışır. Onlar Rusiya faktoru ilə yanaşı, İran faktorunu da ön plana çıxarmağa cəhd göstərirlər. Bir tərəfdən Azərbaycan-İran münasibətlərində problemlər yaratmağa, digər tərəfdən isə Rusiya ilə yanaşı İranın da revanşist qüvvələrə dəstəyini təmin etməyə çalışırlar. Seçkilər ərəfəsində bu cür cəhdlərin daha da artacağı gözlənilir. Böyük ehtimalla, Rusiyanın agentura şəbəkəsi Ermənistanda Paşinyan hakimiyyətinin dəyişdirilməsi üçün bütün mexanizmlərdən və imkanlardan, o cümlədən Azərbaycan əleyhinə mövqe tutan İran faktorundan istifadə etməyə çalışacaq. Belə görünür ki, yaxın həftələrdə Ermənistanda ciddi siyasi qarşıdurma müşahidə oluna bilər. Bu qarşıdurmanın seçkilər ərəfəsində və ya seçkilərdən dərhal sonra daha da dərinləşərək vətəndaş qarşıdurmasına çevrilməsi ehtimalı da istisna edilmir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31