Avropa İttifaqı missiyası: Sabitlik mexanizmi, yoxsa Ermənistanda yaranan "təhlükəsizlik illüziyası"? – ÖZƏL

"Avropa İttifaqının mülki missiyasının mandatının 2027-ci ilə qədər uzadılması Cənubi Qafqazda yeni siyasi və geostrateji müzakirələri aktuallaşdırıb. Rəsmi Brüssel bu missiyanı sərhəd insidentlərinin qarşısının alınması, gərginliyin azaldılması və sabitliyin qorunması məqsədilə fəaliyyət göstərən mexanizm kimi təqdim etsə də, regionun reallıqları məsələyə daha geniş prizmadan baxmağı zəruri edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, beynəlxalq missiyaların effektivliyi ilk növbədə onların obyektivliyi, neytrallığı və tərəflərə bərabər yanaşması ilə ölçülür. Əgər hansısa missiya yalnız bir ölkənin ərazisində yerləşdirilir, fəaliyyətini birtərəfli məlumatlar əsasında qurur və regionun digər əsas tərəfinin  narahatlıqlarını nəzərə almırsa, bu halda onun sırf texniki-humanitar təşəbbüs kimi qəbul olunması çətinləşir. Azərbaycanın narahatlığı da məhz bundan ibarətdir. Rəsmi Bakı hesab edir ki, Ermənistan ərazisində yerləşən bu missiya faktiki olaraq Avropa İttifaqının regionda siyasi mövcudluğunu artırmaq, geosiyasi təsir imkanlarını genişləndirmək və yeni müşahidə platforması formalaşdırmaq məqsədi daşıyır.

Ekspert bildirib ki, xüsusilə son illər Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda xarici aktorların rəqabəti daha açıq görünür.
Cənab İlham Əliyev tərəfindən səsləndirilən tənqidi fikirlər də təsadüfi deyil. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, regionun taleyi region dövlətləri tərəfindən həll olunmalı, sülh prosesi isə kənar müdaxilə və siyasi manipulyasiyalardan uzaq aparılmalıdır. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinə və dayanıqlı təhlükəsizlik modelinə tam uyğundur.

"Hesab edirəm ki, missiyanın mandatının 2027-ci ilə qədər uzadılması Azərbaycan-Ermənistan sülh prosesinə ikili təsir göstərə bilər. Bir tərəfdən, əgər missiya doğrudan da gərginliyin azalmasına xidmət etsə, kommunikasiya kanallarının açılmasına yardım göstərsə və təxribatların qarşısını alsa, müəyyən sabitləşdirici rol oynaya bilər. Digər tərəfdən isə, əgər bu struktur Ermənistan daxilində yanlış təhlükəsizlik illüziyası yaradarsa, revanşist dairələri ruhlandırarsa və İrəvanı birbaşa sülh razılaşmasından yayındırarsa, onda prosesə mənfi təsiri qaçılmaz olacaq. Regional güc balansı baxımından da məsələ diqqət çəkir. Cənubi Qafqaz artıq qlobal güclərin rəqabət meydanına çevrilməməlidir. Burada əsas söz sahibi region ölkələri olmalı, yeni əməkdaşlıq platformaları qurulmalıdır. Azərbaycan bu baxımdan prinsipial və ardıcıl mövqe nümayiş etdirir ki, sülh müqaviləsi imzalanmalı, sərhədlər delimitasiya olunmalı, kommunikasiyalar açılmalı və qarşılıqlı suverenliyə hörmət təmin edilməlidir. Düşünürəm ki, Avropa İtifaqı missiyasının uğuru onun hansı bayraq altında fəaliyyət göstərməsində deyil, nə dərəcədə qərəzsiz davranmasında ölçüləcək. Əgər missiya balanslı və şəffaf fəaliyyət göstərərsə, faydalı ola bilər. Əks halda, bu struktur regionda etimadı artırmaq əvəzinə, yeni suallar və əlavə gərginlik mənbəyinə çevriləcək. Azərbaycan  isə dəyişməz olaraq sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın tərəfdarıdır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31