Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
17:56 SiyasətMayın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Slovakiya Milli Şurasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Slovakiya Milli Şurasının sədri Rixard Raşi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri özünün Slovakiyaya rəsmi səfərini xatırladaraq, həmin səfər zamanı keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. O, Slovakiya Respublikası Milli Şurası sədrinin bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu, bu səfərin parlamentlərarası münasibətlərimizin davamlı şəkildə inkişaf etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib.
İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edən spiker bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin önəmini vurğulayıb. Spiker son illər ərzində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu baxımdan 2024-cü ilin mayında iki ölkə arasında imzalanmış "Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə"nin gələcək əməkdaşlıq sahələrini müəyyənləşdirdiyini diqqətə çatdırıb.
İki ölkənin parlamentlərarası münasibətlərindən söz açan spiker qeyd edib ki, bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var. Parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərir.
Milli Məclisin sədri qonağa Azərbaycan parlamentinin tarixi, indiki strukturu və fəaliyyəti barədə məlumat verib.
Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Söhbət zamanı Rixard Raşi parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlament komitələri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb, Slovakiya parlamentinin strukturu barədə məlumat verib.
Slovakiya Milli Şurasının sədri gələn həftə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vacibliyinə də toxunaraq, bu tədbirin əhəmiyyətini qeyd edib.
Görüşdə qonaq iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət, müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Avropa Parlamentinin parlament diplomatiyasına və konstruktiv dialoqa uyğun gəlməyən fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya Respublikası Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Milli Şurasının sədri Rixard Raşi imzalayıblar.